Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“MicroPlus” “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının hesablanması üzrə rəsmi tərəfdaşı seçildi

“MicroPlus” “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının hesablanması üzrə rəsmi tərəfdaşı seçildi

Newscenter.az.14.06.2019. “MicroPlus İnformatica” ilə imzalanan razılığa əsasən, şirkət “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi sponsoru oldu və festival çərçivəsində məlumatların emalı və vaxtın dəqiqləşdirilməsi üzrə xidmətləri gerçəkləşdirəcək. Bu barədə məlumat Newscenter.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub.

Bildirilib ki, müqaviləyə əsasən, “Microplus Informatica” nəticələrin hesablanması xidmətlərinin göstərilməsi üçün vacib olan avadanlıqları, Avropa Federasiyasının qayda və normalarına uyğun proqram təminatı sistemini, həmçinin, "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarış meydançalarında bu xidmətlərin göstərilməsi üçün tələb olunan kadrları təqdim edir.


Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov MicroPlus ilə razılığın əldə olunmasından məmnun olduğunu qeyd edərək deyib: "Bizim üçün nəticələrin idarə olunmasına cavabdeh olacaq şirkətin əsas meyarı onun məlumatların emalı və vaxtın dəqiqləşdirilməsi xidmətləri üzrə böyük təcrübəyə malik olması, eləcə də, nəticələri düzgün və dəqiqliklə qeydə alacaq mükəmməl və problemsiz işləyəcək avadanlığa sahib olmasıdır. Belə vacib bir idman yarışında bu məsuliyyəti yalnız böyük təcrübəyə malik ən yaxşı kompaniya öz üzərinə götürə bilər”.

MicroPlus 2000-ci ildə yaranmış və həmin zamandan etibarən, bir çox əhəmiyyətli idman tədbirlərində, o cümlədən Azərbaycanda keçirilən 2017 İslam Həmrəyliyi Oyunları kimi böyük idman yarışlarında xidmət göstərmişdir.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Xəbəri paylaş