Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il 996 gənc ATU-dan məzun olub



Newscenter.az.27.06.2019. “And içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə əməl edəcəyəm, öyrəndiklərimi insanların sağlığına qovuşması üçün istifadə edəcəyəm”. Bu andı gələcəyin həkimləri – Azərbaycan Tibb Universitetinin məzunları iyunun 26-da keçirilən təntənəli Məzun Günündə səsləndirdilər. Onlar Həkim andı içərək bu peşənin davamçıları olduqlarından şərəf duyduqlarını bildirdilər.

Newscenter.az xəbər verir ki, Elektra Events Hall-da keçirilən ATU-nun 2019-cu il buraxılışına həsr olunmuş təntənəli mərasimdə universitetin rektoru, professor Gəray Gəraybəyli məzunları təbrik edənlər sırasında birinci oldu: “Bu gün məzunlarımız universiteti tərk edib həkim ordusu sıralarına qoşulurlar. Bu həm çox məsuliyyətli, həm də şərəfli yoldur. Təsadüfi deyil ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanda həkim və müəllimlərin rolunu yüksək qiymətləndirmiş, daim diqqət mərkəzində saxlamışdır. Ulu Öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyev cənabları təhsilimizin inkişafı naminə həmişə seçilən tələbələri diqqət və qayğıdan kənarda saxlamır. Yüksək bal ilə Universitetimizə qəbul olunan tələbələrin Prezident Təqaüdünə layiq görülməsi buna bariz nümunədir”.

Rektor G.Gəraybəyli bu günün hərbi fakültənin məzunları üçün ikiqat əlamətdar tarix olduğunu xatırlatdı. Çünki Məzun Günü Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 101 illiyinə təsadüf edir: “Bu gün həm də sizin peşə bayramı gününüzdür. Fakültəmiz 74 məzununu layiqli hərbi həkim və hərbi feldşer kimi Vətənə xidmətə yollayır. Bütün hərbiçilərimizi təbrik edir və gələn il Silahlı Qüvvələr Gününü Qarabağda, Xankəndində qeyd etməyi arzulayıram”.

Professor Gəray Gəraybəyli məzunları və onların valideynlərini təbrik edərək hər kəsə gələcəkdə sayılıb-seçilən həkim və mütəxəssis olmağı arzuladı.

Sonra təntənəli andiçmə mərasimi keçirildi. Hərbi Tibb Fakültəsinin məzunu Şamxal Hüseynov Həkim Andını cümlə-cümlə oxudu və məzunlar onu təkrar etdi. Bir qrup əlaçı məzunlara diplomlar təqdim olundu. Həmçinin, Azərbaycan Tibb Universitetinin “AMU fires” komandasının üzvləri 3 il ərzində Rusiya Federasiyasının Stavropol şəhərində keçirilən olimpiadada uğurlu çıxışına görə fəxri fərmanlarla təltif olundular.

Son söz müəllimlərə verildi. ATU-nun Ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov bu şərəfli peşəni seçən gənclərə uğurlar arzuladı. Valideynlər adından isə II müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş Məhərrəm Alimlinin atası, vaxtilə Tibb Universitetinin məzunu, həkim Nadir Alimov çıxış edərək məzunlara təbriklərini çatdırdı.

Ənənəyə görə hər il Universitetin məzunları həkimlərin simvolu sayılan lanset, stetoskop və ağ xalatı I kurs tələbələrinə təqdim edirlər. Bu il I müalicə-profilaktika fakültəsinin məzunu, prezident təqaüdçüsü Leyla Ağayevanın əlindən bu simvolları alan I kurs tələbəsi, prezident təqaüdçüsü Nərmin Əhədova estafeti qəbul etdi.

Məzunlar universitetin himnini səsləndirdikdən sonra mərasim bədii hissə ilə davam etdi.

Qeyd edək ki, bu il 996 nəfər ATU-dan məzun olur. 818 nəfər müvəffəqiyyətlə universiteti bitirib. Bunlardan 88 nəfər ali məktəbimizi fərqlənmə ilə bitirir. Ən çox məzun II müalicə-profilaktika fakültəsindən olub- 348 nəfər. Məzunların 907 nəfəri həkim, 74-ü əczaçı, 15-i isə hərbi feldşer ixtisasına yiyələnib.

Azərbaycan Tibb Universitetində 25 müxtəlif ölkədən - Türkiyə, İran, İordaniya, Suriya, İraq, Pakistan, Sudan, Rusiya Federasiyası, Yəmən, Fələstin, Əfqanıstan, İsrail, Misir, Nigeriya, Hindistan, İsveç, Ukrayna, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Gürcüstan, Finlandiya, Livan, Liviya, Çin və s. kimi ölkələrdən çoxsaylı xarici tələbə təhsil alır.
Xəbəri paylaş