Newscenter.az.27.06.2019. Son illər gender mövzusunda, xüsusən də qadınların cəmiyyətdə rolunun daha da artırılması, onlara dəstək məqsədilə maarifləndirici tədbirlərin sayı artıb. Belə tədbirlərdən bir neçəsini də Sosial Tərəqqi İctimai Birliyi (STİB) təşkil edib. Buna misal olaraq mayın 15-də Füzuli rayonunda Sosial Tərəqqi İctimai Birliyi (STİB) tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində “Qadınlara Gender Əsaslı İqtisadi Dəstək” layihəsinin I komponentinin icrasına start verilməsini göstərmək olar.
Newscenter.az xəbər verir ki, start verildiyi gündən 17 məcburi köçkün qəsəbələrində (11 Qayıdış qəsəbəsi, 1 Fin evləri qəsəbəsi və 5 Zobucuq qəsəbəsi) 2019-cu il may və iyun ayları ərzində “Gender maarifləndirilməsi, lobbiçilik və təbliğat” və "Gender əsaslı şiddət və insan hüquqları” mövzuları əsasında təlimlər təşkil edilib.
İyunun 25-də isə Füzuli rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə “Gender mövzusunun liderlik və idarəetməyə cəlb edilməsi” mövzusundə təlim keçirilib.
Tədbirdə, BMT-nin İnkişaf Proqramının Layihə Köməkçisi Sənan Ağazadə və Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOB) Füzuli rayon üzrə nümayəndəsi Hafiz Sadıqov iştirak ediblər.
Gender bərabərliyi üzrə təlimlər qadınlara maliyyə cəhətdən daha müstəqil olmaq üçün texniki və maliyyə dəstəyi göstərilməsini nəzərdə tutan davamlı və uzunmüddətli bir prosesə daxil edilib.
Təlimlərin əsas məqsədləri bunlar olub:
• İştirakçılara gender əsaslı anlayışları tanıtmaq
• Gender əsaslı zorakılıq və insan hüquqları
• Gender əsaslı zorakılığın insan hüquqlarının pozulması kimi aydınlaşdırmaq
• Gender təhlili ilə bağlı bacarıqların artırılması
• Gender bərabərliyi və inteqrasiya ilə bağlı yanaşma və strategiyaların anlaşılmasını artırmaq
• Gender bərabərliyini həyata keçirmək
• Gender məsələsini liderlik və idarəetməyə daxil etmək.