Newscenter.az.27.06.2019. İyirmi yeddi rəqəmi Rusiya Azərbaycanlıları İttifaqı üçün tarixi gün kimi təqvimə daxil olub. İki ay öncə Rusiyanın Prezident Administrasiyası nəzdindəki "Prezident Otel"də Təşkilatımızın Təsis Qurultayı keçirildi. 27 apreldə təməli qoyulmuş və ilk qurultayını keçirmiş Rusiya Azərbaycanlıları İttifaqı ötən 2 ay ərzində onlarla mədəni-ictimai tədbirə, xüsusilə xeyriyyə aksiyasına imza atdi. Qazilərə və idmançılara, şəhid ailələrinə, fiziki məhdudiyyətli vətəndaşlara və müalicəyə ehtiyacı olan soydaş və həmvətənlilərimizə maliyyə yardımı etməklə biz diasporumuzun birliyinə şüarlarla yox, əməllə nail olmaq istəyimizi hər gün sübuta yetiririk. Rusiya Azərbaycanlıları İttifaqının sıralarına günbəgün nüfuzlu və vətənpərvər soydaşlarımız daxil olur. Moskva, Kalininqrad, Ryazan, Velikiy Novqorod, Sankt – Peterburq, Voronej, Volqoqrad, Kirov, Kazan, Yaroslavl və Rusiyanın digər şəhərlərində həmvətənlilərimiz Rusiya Azərbaycanlıları İttifaqının təmsilçisi kimi təsdiqlənib.
İctimai və mədəni tədbirlər, fəaliyyət göstərdiyimiz ölkənin ictimai-siyasi qurumları ilə keçirilən mütəmadi görüşlər diasporumuzun Rusiyanın ictimai – siyasi həyatında daha fəal təmsil olunmasına nail olmaq niyyətilə bağlıdır. Məqsədimiz güclü və monolit Azərbaycan diasporunu qurmaqdır. Bu arzuya çatmaq üçün meydanda olan güclü və səriştəli ictimaiyyətçilər bizim ətrafımızdadır, diasporumuzu həmrəy edə biləcək nüfuzlu diaspor fəalları bizim İdarə Heyətinin tərkibindədir. Və ən önəmlisi odur ki, Rusiya Azərbaycanlıları İttifaqının önündə gedən, Təşkilata rəhbərlik edən şəxs diaspor quruculuğunda 30 illik təcrübəsi olan, nüfuzlu və vətənpərvər soydaşımız Fizuli Məmmədovdur.
Bizə müxtəlif məqsədlərlə ünvanlanan suallardan biri də Rusiya Azərbaycanlıları İttifaqının qeydiyyatı ilə bağlıdır. Deməliyik ki, təşkilatımızın Rusiya Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçməsi üçün Moskvanın tanınmış hüquqşünasları bu məsələnin uğurlu həlli ilə məşğuldur. Biz təşkilat olaraq iki il yox, iki aydır ki, təsis edilmişik və qeydiyyat işinə tam ciddi yanaşırıq. İnanırıq ki, xoş xəbərlə fəaliyyətimizi izləyən hər kəsi yaxın zamanda məlumatlandıracıq.
Əziz həmvətənlilərimiz, Rusiya azərbaycanlılarının birliyi naminə çıxdığımız bu şərəfli yolda bizə uğur diləyin. Rusiya azərbaycanlılarını, yaşadığımız ölkənin regionlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını Rusiya Azərbaycanlıları İttifaqına daxil olmağa çağırırıq. Birlikdə daha güclüyük!!!
Anar Həsənov
Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri