Newscenter.az.4.07.2019. Müharibə şəraitində yaşayan dövlətin gənclərinin vətənpərvər ruhda yetişməsinə dəstək vermək üçün Azərbaycan Respublikası Gənclər Fondunun və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Marş İrəli” layihəsi həyata keçirilir.
İctimai Birlikdən Newscenter.az-a bildirilib ki, Goranboy rayonunda keçirilən layihənin açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Aprel qaziləri, veteranlar iştirak edib. M.Seyidov çıxış edərək bildirib ki, Azərbaycan ordusunun bu gün nə qədər güclü olduğunun şahidiyik. Müasir texnikalarla silahlanan ordumuzun gücünü hər zaman inanırıq. Ordumuzun maddi-texniki bazası möhkəmlənib, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülüb, döyüş qabiliyyəti artıb.
Daha sonra layihənin ilk günü iştirakçıların bir-birinə uyğunlaşması üçün komanda quruculuğu ilə bağlı praktiki sessiya keçirilib. Layihə Qarabağ həqiqətləri mövzusunda ictimai müzakirə ilə davam edib. “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə 10 günə yaxın müddət ərzində keçiriləcək layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaş arasında 150-yə yaxın respublikanın müxtəlif regionlarından müsahibə yolu ilə seçilən gənclər iştirak edir.