Newscenter.az.4.07.2019. Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika fənn müsabiqələrinin final mərhələsinin nəticələri açıqlanıb. Newscenter.az xəbər verir ki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 18 nəfər riyaziyyat, 13 nəfər kimya, 18 nəfər fizika, 8 nəfər biologiya, 14 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq, I, II və III yerlərə layiq görülüb.
Müsabiqənin final mərhələsində şagirdlər 25-i seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika), 25-i isə məntiqə aid suallar olmaqla, ümumilikdə 50 test tapşırığını yerinə yetiriblər.
Müsabiqədə VI sinif şagirdləri riyaziyyat, informatika fənləri, VII sinif şagirdləri fizika, kimya, biologiya fənləri üzrə biliklərini nümayiş etdiriblər.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.
R.Mehdiyeva