Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi kölgə iqtisadiyyatının aradan qaldırılması deməkdir



Newscenter.az.4.07.2019. Son 14 il ərzində ölkədə nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib. Məqsəd ödəniş sistemində mövcud vəziyyəti əsaslı şəkildə dəyişdirmək və bu sahədəki durumu inkişaf etmiş ölkələrdə formalaşmış səviyyəyə çatdırmaqdır.

Nağdsız ödənişlər sahəsində mühüm addım Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007- ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 22 noyabr tarixli sərəncamı ilə atıldı.

2016-cı ilin dekabr ayında qəbul edilən və 2017-ci il yanvar ayının 1-dən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu” isə bu sahədə yeni bir dönüşün başlanğıcını qoydu. Qəbul edilmiş bu qərarların və ötən ilin əvvəlindən tətbiq edilən “Nağdsız hesablaşmalar haqqında Qanun”un məntiqi nəticəsi bundan ibarət oldu ki, 2017-ci ildə ölkədə Milli Ödəniş Sistemi vasitəsilə aparılan nağdsız hesablaşmaların həcmi son 5 illə müqaisədə 77 faizə qədər artdı.

Keçən ilin sonlarında Prezidenti cənab İlham Əliyev “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiq etdi. Bu vacib sənəd Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası məqsədilə hazırlanmışdır.

Hər bir proqramda olduğu kimi, rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramında da strateji hədəflər müəyyən olunub. Buraya, ilk növbədə vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və bu hesaba bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi kimi zəruri hədəflər daxildir.

Bu gün ölkənin bank sektorunun canlandırılması və bu məqsədlə bankların resurs imkanlarının genişləndirilməsi yolu ilə onların maliyyə vəziyyətinin sabitləşdirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Son bir neçə il ərzində, xüsusilə milli valyutamızın 2015-ci ildəki kəskin devalvasiyasından sonra bank sektorunda durum bir xeyli ağırlaşıb. Bunun məntiqi nəticəsidir ki, bir neçə il ərzində ölkədə 11 bank bağlanıb. Hazırda da bir sıra bankların maliyyə durumu ürəkaçan deyil.

Bank sektorunda ciddi islahatlar bu sahədə vəziyyəti tənzimləməyin yeganə doğru yoldur. Elə bu səbəbdəndir ki, dövlət bank sektorunun dirçəldilməsi və bu sektorun fəaliyyətinin ölkədə aparılan iqtisadi islahatlar səviyyəsində qurulması üçün ən zəruri addımlar atır. Hökumət postneft dönəmində bankların normal durumda olmasının fərqindədir və bu məqsədlə onlara hərtərəfli dəstək verir.
Hazırda banklar resurs imkanlarını genişləndirərək ölkə iqtisadiyyatının real sektoruna üz tuturlar. Onu da vurğulamaq lazımdır ki, bunun həm iqtisadiyyatımız, həm də banklarımız üçün başqa alternativi yoxdur. Bəlli dünya təcrübəsi var: biznes aləmi öz fəaliyyətində bir qayda olaraq şəxsi vəsaitlərdən daha çox, cəlb edilən vəsaitlərə üstünlük verir. Bu səbəbdən də hökumət nağdsız hesablaşmaların daha da genişləndirilməsini nəzərdə tutan son proqramda bankların resurs imkanlarının genişləndirilməsini hədəfləyib. Bu imkanlar genişləndikcə banklar iqtisadiyyata real yatırımlar edə biləcəklər.
Azərbaycanda iqtisadiyyatın nağdsızlaşdırılması biznes sferasında fəaliyyətin tam şəffaflaşdırılmasını və eyni zamanda, vergidənyayınma hallarının aradan qaldırılmasını nəzərdə tutur. Bu olduqca mühüm bir məqamdır. Hesablaşmaların nağd qaydada aparılması vergidən yayınmaq üçün münbit mühitin mövcud olması deməkdir. Bu səbəbdən də haqqında danışdığımız proqramda hesablaşmaların nağdsız formasına keçməklə vergi islahatlarının da davamlı aparılmasını nəzərdə tutan müddəalar var. Sənədin müvafiq bəndində 2020-ci ilə qədər sadələşdirilmiş vergi sisteminin tədricən əlavə dəyər vergisi sistemi ilə əvəzlənməsi nəzərdə tutulur.

Bu məqsədlə təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizmi hazırlanacaqdır. Müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib ediləcəkdir. Keçiddən sonra isə əlavə dəyər vergisinin müəssisə və təşkilatların fəaliyyət istiqamətləri və xüsusiyyətləri nəzərə alınmaqla diferensiallaşdırılması məsələsinə baxılacaqdır.

Proqramda ölkədə biznes fəaliyyətinin şəffaflığını təmin edəcək ən mühüm addımlardan biri isə vahid mühasibatlıq sisteminə keçid və elektron mühasibatlığın genişləndirilməsi üzrə tədbirlərin nəzərdə tutulmasıdır. Bu da öz növbəsində biznes mühitinin daha da şəffaflaşdırılması və vergi sisteminin təkmilləşdirilməsi üçün olduqca vacib məsələdir.

Bir sözlə, ölkə iqtisadiyyatının nağdsızlaşdırılması nəticə etibarilə iqtisadiyyatda şəffaflığı təmin etməklə yanaşı, biznes mühitinin əsaslı şəkildə yaxşılaşdırılmasına, onun daha münbit bir səviyyəyə yüksəlməsinə geniş imkan açacaq. Bu addımlar, eyni zamanda, kölgə ioqtisadiyyatının aradan qaldırılmasında və vergidən yayınma hallarının qarşısının alınmasında mühüm rol oynayacaq.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

Xəbəri paylaş