Newscenter.az.4.07.2019. Salyan şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə su şəbəkəsinin tikintisi üzrə işlərin böyük hissəsi yerinə yetirilib. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Newscenter.az-a bildirilib ki, Salyan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Salyan şəhərində 35 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Layihəyə əsasən, Salyan şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilib. Şirvan-Muğan qrup su kəmərindən şəhərə 9 km magistral su xətti çəkilib. 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə Salyan şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib. Şəhərin dayanıqlı su təchizatı məqsədilə tutumu 7500 kubmetr olan su anbarı tikilib. Bununla da, şəhərə özüaxımlı rejimdə içməli suyun verilməsi təmin edilib və istismar tələblərinə cavab verməyən sutəmizləyici qurğunun, həmçinin 3 ədəd nasos stansiyasının fəaliyyəti dayandırılıb. Bundan sonra mərhələlərlə şəhərin daxili şəbəkələrinin yenidən qurulmasına başlanılıb və hazırda bu sahədə işlər yekunlaşmaq üzrədir.
2019-cu ilin dövlət investisiya proqramı çərçivəsində Salyan şəhərində 25 km su xəttinin tikintisi nəzərdə tutulub. Artıq Babacanlı yaşayış massivində 14 km su xəttinin inşası başa çatdırılıb. Yaxın vaxtlarda isə şəhərin mərkəzi hissəsində 11 km su xətti çəkiləcək. Növbəti mərhələdə şəhərin yeni salınmış yaşayış massivində də içməli su layihəsi icra olunacaq.
Ümumilikdə Salyan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhərdə 131 km içməli su və 123 km kanalizasiya şəbəkələrinin yaradılması nəzərdə tutulub. İndiyədək Babacanlı yaşayış massivi və şəhərin mərkəzi hissəsi daxil olmaqla 83 km su şəbəkəsi yaradılıb. Su təchizatı ilə yanaşı, kanalizasiya sistemində də müəyyən işlər görülüb. Ötən müddətdə şəhərin mərkəzi hissəsində 5 km kanalizasiya şəbəkəsi tikilib, mövcud kanalizasiya nasos stansiyası bərpa edilib və 4,7 km uzunluğunda təzyiqli kanalizasiya xətti yenisi ilə əvəz olunub. Salyan şəhərində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğusu inşa ediləcəkdir.