Newscenter.az.6.07.2019. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin rəhbər şəxsləri, həmçinin Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi və digər məsul şəxslər iştirak ediblər.
Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ölkədə kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr barədə məlumat verib. Görüşdə Dünya Bankının Azərbaycanın aqrar sektoruna maliyyə dəstəyinin göstərməsi sahəsində əvəzsiz rolu, “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin məqsəd və komponentləri, bu layihə çərçivəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər, innovativ texnologiyaların rəqabətqabiliyyətli məhsul istehsalında rolu və sair məsələlərə toxunulub.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus bu illər ərzində aqrar sektorda səmərəli əməkdaşlığa və fəaliyyətə görə Kənd Təsərrüfatı Nazirliyinə təşəkkür edib. O, Dünya Bankının Azərbaycanda kənd təsərrüfatının inkişafında iştirak imkanları və həyata keçirilən layihələrin səmərəliliyi haqqında məlumat verib. Sebastian Molineus təmsil etdiyi qurumun gələcəkdə rəqabətqabiliyyətli məhsul istehsalına təkan verən innovativ texnologiyaların aqrar sektorda tətbiqi və təşviqi istiqamətlərində əməkdaşlığın daha da gücləndirilməsinin, Azərbaycanda həyata keçirilən layihələrin aqrar tədqiqat və təhsil, toxumçuluq sektorunun inkişafı sahəsindəki önəmini vurğulayıb.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai bu illər ərzində Dünya Bankının xəttilə icra olunan layihələrin institutun modernləşdirilməsində, tədqiqat proqramlarının təkmilləşdirilməsində, maddi-texniki bazasının gücləndirilməsindəki rolundan bəhs edib. Sonra tədbir iştirakçıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunun dənin keyfiyyəti laboratoriyasında, toxum emalı müəssisəsində və digər sahələrdə olublar. Burada Dünya Bankının xəttilə verilmiş avadanlıqlara baxış keçirilib və aparılan işlərlə tanış olublar. Görüş iştirakçıları institutun tədqiqat və sortların inkişafı proqramına göstərilən dəstəyin nəticələrini yüksək qiymətləndirib.
Görüşün sonunda vurğulanıb ki, Dünya Bankı gələcəkdə də Azərbaycanda aqrar sektorun inkişafına öz dəstəyini göstərəcək.
Orxan