Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb



Newscenter.az.11.07.2019
. Bu gün “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb.

Newscenter.az xəbər verir ki, simpozium iştirakçıları Azərbaycanın tarixi-dini abidələrinin fotolarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov İslamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və mütəfəkkirlərin İslam sivilizasiyasına bəxş etdikləri töhfələrə toxunub. Həmçinin İslama dərindən bələd olan ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə 9-11 dekabr 1998-ci il tarixdə Bakıda “İslam Sivilizasiyası Qafqazda” I Beynəlxalq Simpoziumunun keçirildiyini nəzərə çatdırıb.

Aİİ rektoru daha sonra qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğını, həmçinin dinlərarası tolerantlıq və multikultural ənənələrin təbliğinə əsaslanan bu nəcib siyasəti hazırda Respublika Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

C.Məmmədov Azərbaycanın dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi bir ölkə kimi tanındığını vurğulayıb. Bildirib ki, bu ideyaların təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi olaraq vurğulanmalıdır.

Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğunu bildirən C.Məmmədov ölkəmizdə çox sayda məscid, kilsə və sinaqoqun dövlət vəsaiti hesabına tikilib, həmçinin təmir edildiyini diqqətə çatdırıb: “Qafqazın ən böyük məscidi olan “Heydər Məscidi”nin inşa edilib inanclı insanların istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dini-mənəvi sferaya dövlət dəstəyinin

gücləndirilməsini təmin etmək məqsədi ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bunun ən bariz nümunələrindəndir”.

C.Məmmədov nitqində İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən də azərbaycanlı alimlərin özünəməxsus yerini vurğulayaraq, məşhur İslam alimləri haqqında bəhs edib.

On iki ölkədən alim və tədqiqatçıların iştirak etdiyi Simpoziumun Qafqazda İslam sivilizasiyasının tədqiqinə öz töhfəsini verəcəyini vurğulayan Aİİ rektoru tədbirə uğurlar arzulayıb.

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRSİCA) Baş direktoru Halit Eren qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın rolu xüsusi vurğulanmalıdır.

Halit Eren daha sonra bildirib ki, Azərbaycan İslam dünyasının bir parçası olduğundan, onun mədəniyyətində ərəb, İslam ünsürləri daha gözəçarpandır. Ona görə də İslam sivilizasiyasının Qafqazda yayılması, ilk növbədə, Azərbaycanla bağlı olduğundan, belə bir tədbirin burada reallaşması çox məqsədəuyğundur.

H.Eren “İslam Sivilizasiyası Qafqazda” mövzusunda ikinci dəfə keçirilən Beynəlxalq Simpoziumun təşkilatçısı olmaqdan xüsusi qürur duyduğunu nəzərə çatdırıb.

Millət vəkili, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun keçirilməsini əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, İslam dini Azərbaycanda yayılmağa başlandığı andan etibarən dərin kök salıb, insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərib.

Qafqazın nadir bölgə olduğunu vurğulayan G.Baxşəliyeva bildirib ki, bu region öz təbiətinə, coğrafi quruluşuna və qədim zamanlardan məskunlaşmış, minillər boyu yaşamış insanlarının xüsusiyyətinə görə xarakterizə oluna bilər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan ərazisində dini təsəvvür və əqidələr ən qədim zamanlardan mövcuddur. Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə belə bir Simpoziumun keçirilməsini yüksək nailiyyət kimi qiymətləndirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonaqları salamlayaraq, konfrans iştirakçılarına uğurlar arzulayıb. Bildirib ki, Qafqazda İslamın yayılması və inkişaf etməsi bölgə xalqlarının tarixinin böyük bir hissəsini təşkil edir.

M.Qurbanlı İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələri xüsusi vurğulayıb. Qeyd edib ki, Qafqaz xalqlarının, demək olar ki, əksəriyyəti İslam dininə ibadət edir. Daha sonra bildirib ki, İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik, inkişaf, islami dəyərlər bəxş edib. İslamın dini-mənəvi dəyərlərinin Qafqaz xalqlarının həyatında mühüm rol oynadığını diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev vurğulayıb ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və təbliği, dini radikalizmə qarşı mübarizə istiqamətində aparılan işlər, əldə olunan uğurlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin birgə əməkdaşlığı və fəaliyyəti nəticəsində mümkün olub. S.Musayev dini konfessiyalara ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışaraq bildirib ki, müstəqil Azərbaycanda tolerantlığın və dinlərarası dialoqun əsasları məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilib. Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Daha sonra çıxış edən “29 Mayıs” Universiteti Himayəçilər Şurasının sədri, professor Tayyar Altıkulaç; “İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse; Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov; Rusiya İslam İnstitutunun rektoru Rafiq Muxametşin II Beynəlxalq Simpoziumun Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılması istiqamətində xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıblar.

Qonaqlar, həmçinin Simpoziumun keçirilməsini aktual hesab edib, təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş