Newscenter.az.12.07.2019. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Beyləqan rayonunda, Rafiq Aslanov isə Ağcabədi rayonunda vətəndaşları fərdi qaydada qəbul ediblər.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının tikintisi və təmiri, suvarma kanallarının lildən təmizlənməsi və müxtəlif məsələləri əhatə edib.
Sədr müavini Zakir Quliyev Beyləqan rayonunda keçirdiyi qəbulda 13, sədr müavini Rafiq Aslanov da Ağcabədidə eyni sayda vətəndaşı qəbul edib.
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar veriblər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.