Anar Həsənov: "Digər ölkələrdə pul qazanan azərbaycanlılar da bilsinlər ki, onların torpaqlarını qoruyan insanlara təkcə dövlət yox, eyni zamanda vətəndaş cəmiyyətin üzvü kimi onlar da yardımçı olmalıdırlar"
Newscenter.az.13.07.2019. Artıq 3 aydan çoxdur ki, Rusiya Azərbaycanlıları İttifaqı fəaliyyətə başlayıb. Qısa müddət ərzində istər Rusiyada Azərbaycan diasporunun təşkilatlanması, birlik və həmrəyliyi, istərsə də Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində mühüm işlər görən Rusiya Azərbaycanlıları İttifaqının yaxın zamanlar üçün hədəfi şimal qonşumuzda dövlət qeydiyyatından keçməkdir.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənov "Yeni Müsavatın" canlı efirində çıxışı zamanı səsləndirib. O, təmsil etdiyi qurumun fəaliyyətinin Rusiyada yaşayan ermənilər arasında doğurduğu narahatçılıq, eləcə də Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun xeyriyyəçilik fəaliyyətindən də danışıb:
"Biz Rusiyada fəaliyyət göstərən azərbaycanlı idmançıları bir növ öz himayəmizə götürmüşük. Çünki bayrağı qaldıran mədəniyyətdir, idmandır. RAİ olaraq azərbaycanlı idmançıların xaricdə Azərbaycanın bayrağını yüksəkliklərə qaldırması üçün maliyyə yatırımları edirik. Bundan başqa fiziki qüsurlu şəxslərə, Qarabağ müharibəsi iştirakçılarına, əlillərə yardımlar edirik. Fizuli Məmmədov Rusiya Azərbaycanlıları İttifaqının rəhbəri olmaqla yanaşı, həm də bir xeyriyyəçidir. Fizuli Məmmədov 17 nəfər Qarabağ qazisinə ev hədiyyə edib. Bunu qeyd etmək, örnək kimi təbliğ etmək lazımdır. Digər ölkələrdə pul qazanan azərbaycanlılar da bilsinlər ki, onların torpaqlarını qoruyan insanlara təkcə dövlət yox, eyni zamanda vətəndaş cəmiyyətinin üzvü kimi onlar da yardımçı olmalıdırlar".
Anar Həsənov veriliş böyunca tamaşaçıların suallarını cavablandırıb.
NEWSCENTER.AZ