Newscenter.az.13.07.2019. “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.
Newscenter.az-a İlahiyyat İnstitutundan bildirilib ki, Qoşa Qala küçəsindən başlayan gəzinti zamanı qonaqlara tarixi heykəltəraşlıq binaları, meydan və Qala divarları barədə məlumat verilib. Qonaqlar Sıratağlı Dini-Memarlıq Kompleksi (“Bazar Meydanı”) ərazisindəki müxtəlif dövrlərə aid bədii daşyonma sənət nümunələrini müşahidə ediblər. Karvansara ilə tanışlıq zamanı bu abidələrin Azərbaycanın şərq ölkələri ilə zəngin tarixi, iqtisadi-mədəni əlaqələrinin göstəricisi olduğu bildirilib.
II Beynəlxalq Simpozium iştirakçıları İçərişəhərin məscidlərindən biri olan, 1169-cu ildə ustаd Nəcəf Аşur İbrаhim оğlu tərəfindən inşа еdilmiş Aşur məscidi və yaxınlıqdakı Cümə məscidini ziyarət ediblər. Qeyd olunub ki, 2016-cı ildə Cümə məscidinin XV əsrə aid olan Abşeron əhəng daşından tikilmiş minarəsi bərpa və konservasiya edilib.
İçərişəhərin dini mədəniyyətini əks etdirən tarixi-memarlıq abidələri vaxtilə xalqın ictimai inkişafına təsir göstərmişdir. Belə ki, Orta əsrlərdə elm və təhsil sisteminin inkişafında məscidlər mühüm rol oynamışdır. Ərazidə yerləşən dini abidələr memarlıq quruluşuna görə fərqlənir.
Sonda Beynəlxalq Simpozium iştirakçıları “Qız Qalası”nın önündə xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu 11-12 İyul 2019-cu il tarixdə ölkəmizin paytaxtında keçirilib. Simpoziumda 12-dən çox xarici ölkə universitetində Qafqazda islam sivilizasiyası mövzusu üzrə çalışan alim, tədqiqatçı və ekspertlərin 100-dən çox məruzəsi dinlənilib.
Simpoziumun materialları kitab şəkilində çap olunacaq.