Vaqif Abdullayev: "Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğvi siyasi-iqtisadi münasibətləri daha da möhkəmləndirəcək"
Newscenter.az.27.07.2019. Məlum olduğu kimi sentyabrın 1-dən etibarən Azərbaycana səfər edəcək Türkiyə vətəndaşları üçün viza rejimi ləğv ediləcək. Viza rejiminin ləğvi mühüm siyasi hadisə hesab edilməklə iki qardaş ölkə arasında strateji münasibətlərin zirvəyə çatmasında daha mühüm addım hesab oluna bilər. Viza rejimi ilə bağlı məhdudiyyətlərin aradan götürülməsi hər iki tərəfin cəsarətli və nümunəvi diplomatik uğurlarının yeni səhifəsidir. Bu siyasi qərar, həm də, Prezident İlham Əliyev tərəfindən ortaya qoyulmuş güclü siyasi iradənin təntənəsidir.
Viza rejiminin ləğvi qarşılıqlı səfərlərin dinamikasında xüsusi tablo acacaq, siyasi və iqtisadi həyata stimul gətirəcək. Belə ki, bu qərar iki ölkə arasında siyasi münasibətlərin inkişafında yeni mərhələ açacaq, hərtərəfli əlaqələrin dinamikasını artıracaq. Yeni viza rejiminin tətbiqi iqtisadi, siyasi, sosial, mədəni, humanitar əlaqələrin inkişafını sürətləndirməklə bütün sahələrə yeni nəfəs verəcək.
Türkiyə və Azərbaycan qardaşlığı regionun siyasi xəritəsinə yeni zəngin çalarların əlavə edilməsinə davamlı şəkildə öz töhfəsini verməkdədir. Bu gün Azərbaycan və Türkiyə münasibətləri “Bir millət iki dövlət” anlayışının bütün fəlsəfi ruhuna uyğun olaraq qarşılıqlı münasibətlərin hərarətini yüksəldərək region üçün örnəkverici nümunəyə çevrilməkdədir. Bu gün güclü Türkiyə-Azərbaycan strateji dostluq və qardaşlığı bölgədə mühüm siyasi və diplomatik proseslərin nizamlanmasında xüsusi rol oynayır.
Türkiyə və Azərbaycan regionun aparıcı dövlətləri olaraq həm də türk birliyinin möhkəmlənməsində, türk ölkələri arasında sarsılmaz qardaşlıq bağlantıısının güclənməsində öndərlik edir. Onların sayəsində türk dövlətlərinin birliyi ideyası gerçək tarixi və ictimai-siyasi həqiqətə çevrilmişdir.
Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü