Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Yaylaq Könüllü Düşərgəsi” layihəsinin açılış mərasimi baş tutub



Newscenter.az.29.07.2019. “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə “Yaylaq Könüllü Düşərgəsi”nə start verilib. Belə ki, müsahibə əsasında seçilən iştirakçılar 4 gecə və 5 gün davam edəcək layihə çərçivəsində Gəncə, Göygöl, Goranboy və Şəmkir rayonlarında yerləşən təsərrüfat sahələrində olacaq, təlim və aqrar komplekslərə ekskursiyalarda iştirak edəcəklər.

Qeyd edək ki, aqrar sahəyə marağın artırılması və bu sahədə ixtisaslaşmış kadr potensialının inkişafına dəstək məqsədilə keçirilən “Yaylaq Könüllü Düşərgəsi” layihəsinin açılış mərasimi Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində baş tutub. Universitetin rektoru İbrahim Cəfərov tədbiri açıq elan edərək könüllülərə və iştirakçılara uğurlar arzulayıb.

Daha sonra “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə çıxış edərək seçilən iştirakçıları təbrik edib, eyni zamanda “Aqrar İnkişaf Könüllüləri”nin xidmət sahələri, məqsədləri və gələcək hədəfləri barədə məqamları qeyd edib, iştirakçılara layihə zamanı və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.

Newscenter.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi İnsan Resurslarının İdarəedilməsi şöbəsinin müdiri Elvin Paşayev çıxışında könüllülüyün insan kapitalının inkişafında vacib bir mərhələ olduğunu, dövlət tərəfindən insan kapitalına göstərilən dəstək fonunda gənclərin şəxsi inkişaf meyillərini daha da artırmasının vacibliyini vurğulayıb və “Yaylaq Könüllü Düşərgəsi” kimi layihələrin bu məqsədlərin həyata keçirilməsində xüsusi rol oynadığını bildirib.

Sonra isə “Aqrar Tədqiqatlar Mərkəzi”nin direktoru Firdovsi Fikrətzadə, Gəncə şəhər İcra başçısının I müavini Elnur Rzayev və Gəncə şəhər “Gənclər və İdman baş idarəsi”nin rəisi Müşfiq Cəfərov könüllülük hərəkatının geniş vüsət almasını qeyd edərək aqrar sahənin inkişafına ictimai dəstəyin göstərilməsi yolunda “Aqrar İnkişaf Könüllüləri” Təşkilatına uğurlar arzu ediblər.

Qeyd edək ki, 4 gün davam edəcək layihə çərçivəsində iştirakçılar, debat-simulyasiya, video-çarxların hazırlanması kimi fəaliyyətlərdə, habelə “Aqrar Marketinq və Kənd Təsərrüfatı haqqında fundamental biliklər”, “Heyvandarlıq” və digər əlaqəli beynəlxalq məlumatlı mövzularda təlimlərdə də iştirak edəcəklər.
Orxan
Xəbəri paylaş