Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minskdə Azərbaycanla bağlı nəşrlərin təqdimatı olub


Newscenter.az.5.09.2019. Belarusun paytaxtı Minskdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib.

Newscenter.az xəbər verir ki, Belarus-Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə Belarus Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində keçirilən təqdimatda Azərbaycan diasporunun üzvləri, tələbələr, Belarus ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri Belarus-Azərbaycan İcmaları Konqresinin sədr müavini Rövşən Əliyev açaraq kitabda haqqında yazılan insanların Azərbaycanın təbliği ilə bağlı gördükləri işlər barədə məlumat verib.

Müəllif Fuad Hüseynzadə çıxış edərək başda Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov olmaqla kitabın təqdimatına dəstək göstərənlərə öz minnətdarlığını bildirib.

O qeyd edib ki, bu kitab dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə hazırlanıb:

“Əsas hədəfim xaricdəki soydaşlarımzın əlaqələrinin yaranması, həmrəyliyinin güclənməsidir”. Bildirib ki, kitabda 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb: “Ümumi olaraq burada 173 müsahibə toplanıb. 5 qitədəki aktiv soydaşlarımızdan və həmvətənlərimizdən alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub. Kitabda Belarusda yaşayan 3 soydaşımızın da müsahibəsi yer alıb”.
Azərbaycanın Belarusdakı səfirinin birinci katibi Cavid İbayev çıxış edərək Azərbaycan diasporunun fəaliyyətinin təbliğində belə kitabların çapının əhəmiyyətli olduğunu deyib.

Digərləri də çıxış edərək kitabın çapını dünya azərbaycanlılarının həmrəyliyinin daha da gücləndirilməsi yolunda atılan müsbət addım kimi qiymətləndiriblər. Qeyd edilib ki, belə kitabların ingilis və rus dillərində də çap olunması önəmlidir.

Xatırladaq ki, bundan öncə kitabın Rusiya (Moskva, Krasnoyarsk və Samara şəhərlərində) İsveç, ABŞ, Yaponiya, İsrail, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Hollandiya, Litva və Ukraynada da təqdimatı keçirilib.
Xəbəri paylaş