Newscenter.az.14.09.2019. "Rusiya Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv etmək üçün nizamnaməsində dəyişikliklər etdirdi. Artıq Rusiya rəsmiləri ölkəmizin bu təşkilatda müşahidəçi statusu alması mümkünlüyünü qeyd edirlər. Hətta, Rusiya Təhlükəsizlik Şurasının katibi Y.Patruşev Yerevan səfərində Ermənistanın buna etiraz etməməsi üçün razılıq alıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, KTMT-də müşahidəçilik Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etmir:
"Bu, Rusiyanın regionda geosiyasi mövqeyini gücləndirmək üçün lazımdır. Rəsmi Bakı mütləq şəkildə ərazilərin qaytarılması şərti ilə müşahidəçi statusu almalıdır. Yoxsa, Azərbaycan bu təşkilatda yer alsa, Moskva işğal olunmuş ərazilərlə bağlı növbəti dəfə ölkəmizi aldada bilər. Moskva ilə Bakı arasında intensiv danışıqların getməsini istisna etmirəm. Çünki, birdən-birə Rusiya rəsmiləri bu məsələni qaldıra bilməzdi. Bundan əlavə, Yerevan-Moskva arasında isti olmayan münasibətlər hökm sürür. Azərbaycan bundan istifadə edib, Moskva ilə ərazilərin istənilən variant vasitəsilə azad edilməsini razılaşdırmalıdır. Məhz bunun müqabilində KTMT rolu razılaşdırla bilər. Hazırda Rusiya qlobal güc müstəvisindədir, regionda Azərbaycanla qarşılıqlı və ıkitərəfli maraqlar konteksində Qarabağ münaqişəsi həll edilə bilər. Kreml bunu etmək istəyində deyil. Amma, ölkəmizi işğalçı tərəflə eyni təşkilata üzv etdirmək planını reallaşdırır".
Politoloq hesab edir ki, əgər, ərazi məsələsində ciddi irəliləyiş olmasa, KTMT yer alsaq, ABŞ ölkəmizə təzyiqləri artıra bilər:
"Nəzərə alaq ki, Vaşinqton Cənubi Qafqazda Azərbaycanın Rusiya orbitinə yaxınlaşmasını qəbul etməyəcək. Ölkəmizə siyasi-iqtisadi və enerji dəstəyini kəsə bilər. Rusiyanın Yaxın Şərqdə və Şərqi Avropada mövqeyini gücləndirməsi Azərbaycana da təsirsiz ötüşmür. Məhz KTMT-yə müşahidəçi qismində üzvülüyümüz bu təzyiqlər qarşısında olmamalıdır. Azərbaycan Avropa İttifaqı ilə çərçivə sazişini imzalamalı, ABŞ və Avropa ilə diplomatik əlaqələrini inkişaf etdirməlidir. Rusiyanın təsiri ölkəmizin inkişafının qarşısını ala bilər".