Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Samuxda heyvandarlıqla məşğul olan fermerlərə təlimlər keçirilib



Newscenter.az.16.09.2019. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Samux rayonun Hacıalılı kəndində heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup fermerə “Xırdabuynuzlu heyvanların çiçək xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda praktiki təlim keçirilib. Bu barədə məlumat Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən daxil olub.

Heyvanlar arasında qeydə alınan infeksion xəstəliklər barədə məlumat verən AXA-nın Samux Rayon Baytarlıq İdarəsinin rəisi Elxan Rüstəmov, çiçək xəstəliyinin xırdabuynuzlu heyvanlara ən çox zərər verən infeksion xəstəliklərdən biri olduğunu bildirib: “Çiçək xəstəliyinin inkubasiya müddətinin 4-12 gün davam edir və xəstəliyin ümumi müddəti 3-4 həftə çəkir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə qeydə alınarsa, balasalma baş verə bilər. Quzularda xəstəlik daha ağır keçir, mürəkkəbləşmələr-pnevmoniya, qastroenterit, irinli artrit və korluq yaranır. Xəstəliyin ilkin proqnozu zamanı ölüm 2-3, yayılmış və hemoroji çiçək zamanı isə 100 faizədək ola bilər”.

Təlimdə fermerlərə çiçək xəstəliyinin etiologiyası, patogenizi, kliniki əlamətləri, davamlığı və mübarizə tədbirləri barədə geniş məlumat verilib və xırdabuynuzlu heyvanlarda bu xəstəliyin diaqnostikası, profilaktikası və ləğvinin dövlət vəsaiti hesabına aparılması xüsusi qeyd edilib.

Xəstəliyə yoluxma və ondan qorunma yolları haqqında məlumat verən təlimçi, xəstəlikdən qorunmağın ən etibarlı yolunun vaksinasiya olduğunu vurğulayıb: “Cari il ərzində Samux rayonunda 172 628 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Hazırda isə cavan heyvanlarda dabaq və qarayara xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılır”.

Təlim çərçivəsində xüsusi təhlükəli xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. Heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə həmin xəstəliklərin qarşısının alınması və onların idarə olunması, mövsümlə əlaqədar qeydə alınan xəstəliklər və onlarla mübarizə üsulları, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası və digər mühüm əhəmiyyətə malik məsələlər barədə barədə məlumatlar verilib.

Təlimin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

Orxan
Xəbəri paylaş