Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Şurası Azərbaycan əlaqələri qarşılıqlı hörmət prinsipinə əsaslanır



Newscenter.az.17.09.2019. Ötən həftə Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskienin Prezident İlham Əliyevlə görüşü müxalifət tərəfindən guya Azərbaycan hakimiyyəti ilə Avropa Şurası rəhbərliyi arasında narazılığın olması barədə fikirləri alt-üst etdi. Bu səfər müxalifətin AŞPA məruzəçilərinin Azərbaycana buraxılmaması və digər iddialarını da darmadağın edərək növbəti dəfə məyusluğuna səbəb oldu.

Prezident İlham Əliyevlə xanım Lilian Mori Paskienin səmərəli və faydalı görüşündə bir daha təsdiq olundu ki, Azərbaycan-Avropa Şurası əməkdaşlığı müxtəlif aspektlər üzrə genişdir. Azərbaycan insan haqlarının qorunması, demokratik inkişafla bağlı islahatlar aparır, qanunvericliliyin Avropa Şurasının konvensiyalara uyğunlaşdırılması istiqamətində davamlı islahatlar aparır. Kifayət qədər məhsuldar fikir mübadiləsinin apardığı bu görüşü AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri baxımından mühüm siyasi hadisə hesab etmək mümkündür. Lilian Mori Paskie də bunu yüksək dəyərləndirdi.

Azərbaycanla AŞPA arasında əlaqələrə dar çərçivədən və qərəzlə yanaşanlar unudurlar ki, tərəflər arasında mövcud olan faydalı əməkdaşlıq qarşılıqlı hörmət prinsiplərinə əsaslanır və bunu Avropa Şurası rəhbərliyi də yaxşı anlayır. AŞPA və onun institutları Azərbaycanla əməkdaşlıqda təkid və yaxud hansısa təzyiq üsulu ilə davranmağın mənasız və məntiqsiz olmasını anlayır, əlaqələrin açıq dialoq və siyasi anlaşma şəraitində davam etdirməkdə maraqlı olduğunu diqqətə çatdırır.

Avropa Şurasının rəsmiləri də başa düşür ki, bəzi hallarda Azərbaycana qarşı qeyri-obyektiv və ədalətsiz qərarlar əməkdaşlığa xələl gətirir, münasibətlərə bəzi şəxslərin subyektiv və qərəzli mövqeyindən yanaşmaq olmaz. Ulu öndər Heydər Əliyev 2001-ci il sentyabrın 15-də Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel Constonla görüşdə bildiridi ki, Amma Avropa Şurası bir adamdan, bir dəstədən ibarət deyildir. “43 ölkənin nümayəndəsi var. Hər ölkənin də nümayəndəsi eyni adamlardan ibarət deyildir. Hesab etmək olmaz ki, bütün nümayəndə heyətlərində olan insanlar tam obyektivdirlər. Ümumiyyətlə, insan potensial olaraq subyektivlikdən tamamilə xilas ola bilmir. Kim hesab edirsə ki, tam ideal bir şəxsiyyətdir, güman edirəm, səhv edir. Ona görə də arzumuz odur ki, bizim haqqımızda məlumatlar ətraflı yoxlanılsın, bizimlə bərabər araşdırılsın”.

Ulu öndərin fikirləri ilə tam razı olduğunu deyən Lord Rassel Conston obyektivlkiyi şübhə altına alan məsələlərə münasibətini ifadə edərək bildirirdi ki, qeyri-obyektivlik, eyni zamanda həm də savadsızlıqdan irəli gəlir. “Tam obyektivlik, kamillik yalnız səhradakı ilğıma bənzəyir. Biz istənilən halda çalışmalıyıq əlimizdən gələni edək ki, hər şey ədalətli olsun”.

Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanıb və bu qurum tərəfindən də təsdiq olunub. Azərbaycan Avropa Şurasının insan haqlarının qorunması, demokratiyanın daha da inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini rəhbər tutaraq bu qurumla əməkdaşlığı dinamik şəkildə inkişaf etdirir.

Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş