Newscenter.az.17.09.2019. Ermənistanın baş kəşfiyyatçısı, Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanesyanın dünən hay-küylü bəyanatla öz postundan istefa verməsi Nikol Paşinyan üçün böyük bir zərbə olsa da, lakin sıravi ermənilər üçün (xüsusən sosial şəbəkələrdə fəal olan ermənilər üçün) bu istefa heç də gözlənilməz olmadı. Əksinə, erməni sosial şəbəkə istifadəçiləri Vanesyanın istefa qərarına karikaturalarla, kollajlarla, "mem"lərlə, sarkazm dolu statuslarla reaksiya verdilər.
Bəziləri isə onu hətta guya Ermənistanda korrupsiyaya, büdcə oğurluqlarına, oliqarxlara, mafiya başçılarına qarşı total mübarizə aparan qorxmaz personaj, "Rembo" obrazında təqdim edən gülməli posterlər də paylaşdılar. Bir sözlə, Vanesyanın istefa qərarı erməni ictimaiyyəti tərəfindən kütləvi ironiya ilə qarşılandı. Çünki hamı onu MTX rəhbəri qiyafəsinə bürünmüş quldurbaşı, bandit hesab edir. O, Nikol Paşinyanın "xeyir-dua"sı ilə hazırki hakimiyyətin xoşuna gəlməyən istənilən siyasətçinin (başda Robert Köçəryan olmaqla), istənilən oliqarxın evinə silahlı dəstə ilə basqın edir, ofis və qərargahlarda sanksiyasız axtarışlar aparır, adamları təhqiramiz şəkildə həbs edib naməlum ünvanlara aparır, onlara işgəncələr verirdi.
Ancaq indi isə Artur Vanesyan birdən-birə Paşinyanın yürütdüyü siyasətin əleyhinə çıxaraq hazırki hakimiyyəti qərarları necə gəldi verməkdə, hədəflərin qeyri-müəyyənliyində ittiham edir və deyir ki, "aparılan siyasət zabit andına uyğun deyil". Vanesyanın son cümləsi “Dayanın!” ("Остановиться!") ifadəsilə bitir. Vanesyanın bu addımı əslində Paşinyana qarşı açıq şəkildə müharibə elan etmək deməkdir. O, Paşinyanın "sağ əli" sayılırdı. Lakin onların yaxınlığı istefanın qarşısını ala bilmədi. Onun istefası həm də Paşinyan iqtidarının çöküşünün ən haylı-küylü anonsudur. Başqa sözlə desək, Nikol Paşinyanın komandasında "yarpaq tökümü" başlayıb. Buna sonun başlanğıcı da demək mümkündür. Paşinyanın "məxməri inqilab"ı iri addımlarla iflasa doğru irəliləyir.
Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri