Newscenter.az.23.09.2019. Sentyabr ayının 23-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, konfransda DQİDK və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ölkəmizdə fəaliyyət göstərən nəşriyyatların nümayəndələri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın sədr müavini Gündüz İsmayılov Dövlət Komitəsinin mütəmadi olaraq dini təyinatlı ədəbiyyatların nəşri ilə məşğul olan nəşriyyat sahibləri ilə görüşlər keçirdiyini, respublikada bu sahədə mövcud olan vəziyyətə dair müzakirələrin və fikir mübadiləsinin aparıldığını bildirib. Ölkədə dini ədəbiyyatların nəşri prosesində zərərli ədəbiyyatlara çox nadir hallarda rast gəlindiyinə diqqət çəkən Komitə rəsmisi deyib ki, bunun əsas səbəbi nəşriyyatlarla, müəlliflərlə yaxından əməkdaşlıq edilməsi və bu məsələlərdə onların hüquqi meyarları demək olar ki, mənimsəmələridir. Bu baxımdan ölkədə nəşr olunan ədəbiyyatların mütləq əksəriyyətində zərərli məqamlar olmur. Bu cür ədəbiyyatlar ölkəyə daha çox xaricdən idxal olunur ki, bu sahəyə də ciddi nəzarət edilir.
Daha sonra DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov təqdimatla çıxış edib. O bildirib ki, dinşünaslıq ekspertizası birbaşa ictimai maraqları təmin edir, Dövlət Komitəsinin hüquqlarında da təsbit olunduğu kimi dini təyinatlı ədəbiyyatın, əşyaların, dini məzmunlu başqa məlumat materiallarının istehsalı, idxalı və yayılmasına nəzarət etmək, dini qurumların və müvafiq dövlət orqanlarının müraciətlərinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılıq vermək kimi səlahiyyətləri var. Nahid Məmmədov beynəlxalq hüquq və təcrübədən nümunələr gətirməklə dini ədəbiyyatların müvafiq qaydada yoxlama prosesindən keçərək çap edildiyini və yayıldığını vurğulayıb. O qeyd edib ki, təqdim edilən ədəbiyyat insanpərvərlik prinsiplərinə zidd deyilsə, dini nifrət və düşmənçiliyə rəvac verəcək, dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər yer almırsa, ölkəmizdəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək ifadələr əks olunmursa, bu kitabın ölkə ərazisində çapı və yayılmasına heç bir qadağa yoxdur. N.Məmmədov vətəndaşlarımızın sağlam dini ədəbiyyatla təmin edilməsi ilə yanaşı, piratçılığın, vergi hüquqpozmalarının qarşısını alan, əqli mülkiyyət hüquqlarının qorunmasında da faydalı olan dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markaları ilə markalanması prosesinin qısa zaman ərzində çox effektiv nəticələrə gətirib çıxardığını bildirib. Üzərində nəzarət markası olan dini təyinatlı ədəbiyyat oxucusunda etibar, güvən formalaşdırır. Hər bir vətəndaş üzərində müvafiq marka olan dini ədəbiyyatı oxuyur, ona təklif olunan digər ədəbiyyatdan isə imtina edir. Bu da o deməkdir ki, vətəndaşımız kitabın içini bilmədən də nəzarət markası sayəsində onun mətninin zərərli olub-olmadığını müəyyən edə bilir.
Şöbə müdiri 2017-2019-cu illər ərzində Dövlət Komitəsinə dini təyinatlı ədəbiyyatların çapı və ölkəyə idxalı ilə bağlı daxil olan müraciətlərin statistikasını da nəzərə çatdırıb. 2017-ci ildə Dövlət Komitəsinə kitab idxalı ilə bağlı ümumilikdə 1603 müraciət daxil olub ki, onun 1540-nın ölkəyə gətirilməsinə icazə verilib, 63 kitabın ölkəyə idxalına icazə verilməyib. 210 dini təyinatlı ədəbiyyatın ölkədə nəşrinə icazə verildiyi halda isə nəşrinə icazə verilməyən kitabların sayı 4 olub. 2018-ci ildə isə ölkəyə dini təyinatlı ədəbiyyatın idxalı ilə bağlı müraciətlər ümumilikdə 1704 olub. 1652 kitabın idxalına icazə verilib, 52 adda kitabın isə idxalı qadağan edilib. Həmçinin 171 dini təyinatlı ədəbiyyatın nəşrinə icazə verilib, 26 adda kitabın isə nəşri məqbul hesab edilməyib. N. Məmmədov eyni zamanda, 2019-cu ilin yanvar-sentyabr aylarının statistik məlumatlarını açıqlayıb. Bildirib ki, ümumilikdə kitab idxalı ilə bağlı 2412 müraciətə baxılıb. Onlardan 2254-nə müsbət, 158-nə isə mənfi cavab verilib. Kitab nəşri prosesində isə 175 kitabın nəşrinə icazə verildiyi halda 17 kitabın nəşri məqsədəuyğun hesab edilməyib.
Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov dini sahə üçün böyük əhəmiyyət kəsb edən dinşünaslıq ekspertizasına həsr olunmuş tədbirin təşkilinə görə DQİDK-a təmsil etdiyi qurumun adından təşəkkürünü bildirib. O qeyd edib ki, müasir dövrdə dövlət-din münasibətlərinin Azərbaycan modelində, demək olar ki, bütün ziddiyyətli məqamlar aradan qaldırılıb. QMİ müsəlman dini icması kimi daima dövlətin, cənab Prezidentin, eyni zamanda DQİDK-nin diqqət və qayğısını öz üzərində hiss edir. Dinşünaslıq ekspertizasının tətbiqinin təkcə zərərli dini ədəbiyyatı məhdudlaşdırmaqla kifayətlənmədiyini qeyd edən aparat rəhbəri, bunun əslində dindarları qanuna zidd hərəkət etməkdən çəkindirdiyini, gələcəkdə cəlb oluna biləcəkləri inzibati və ya cinayət məsuliyyətinin vaxtında qarşısını aldığını deyib.
MDTF-nin icraçı direktorunun müavini Ceyhun Əliyev bildirib ki, ötən illərə nisbətən son dövrlərdə ölkəmizdə yerli dini ədəbiyyatın nəşri artmaqdadır. MDTF-nın öz təsis nizamnaməsinə uyğun olaraq nəşr etdirdiyi ədəbiyyatlar arasında dinşünaslıq ekspertizası tərəfindən müvafiq rəy verilmiş dini kitablar da yer alır. Ceyhun Əliyev Fond tərəfindən çap olunan ədəbiyyatların milli maraqlarımıza, mənəvi dəyərlərimizə uyğun olmasına, müasir dövrün tələblərinə cavab verməsinə, eyni zamanda xurafat elementlərindən uzaq olmasına xüsusi diqqət yetirildiyini qeyd edib.
Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov mövzu barədə fikirlərini bölüşüb.
Konfrans dinşünaslıq ekspertizası sahəsində, eləcə də dini təyinatlı ədəbiyyatın yayılmasına nəzarətin həyata keçirilməsi istiqamətində görülmüş işlər barədə müzakirələr və fikir mübadiləsi ilə öz işini yekunlaşdırıb.