Newscenter.az.23.09.2019. Özünü müxalifət adlandıran, cəmiyyətdə dayağı olmayan qüvvələr yenə də mitinq keçirmək arzusuna düşüb. Mitinq xəstəsi olan Əli Kərimli deyir ki, guya “sosial sifariş olduğu üçün mitinqlərə başlamaq qərarına gəliblər. Unudur ki, sosial sifariş çoxminlyonlu cəmiyyətin hər bir üzvünün tələbidir. Məsələ ondadır ki, cəmiyyətin kiçik bir qisminin arzu və istəkləri ümumilikdə sifariş deyil, müəyyən qüvvələrin maddi-siyasi maraqlarının ifadəsidir. Gülüncdür, 3-4 min insanın mintinq ehtirası hansı sosial sifariş ola bilər? Ancaq mitinqin həqiqətən sifariş olduğunu da gizlətmək olmaz, bu sifarişin mənbəyi isə Azərbaycan deyil, Qərbdəki anti-Azərbaycan qüvvələridir. Bunu Kərimlinin fikirləri də çılpaqlığı ilə ortaya qoyur. Onun “biz xaricdə internet TV və sosial şəbəkədə çıxış edənlərlə birgə hərəkət edirik” fikri də xaricdən idarə olunduqlarını, sifarişin də məhz xarici ağaların verdiyini təsdiqləyir.
Göründüyü kimi mitinq və digər aksiyalar Milli Şuranın və Əli Kərimlinin qrant layihəsinin bir hissəsidir. Bu layihələrin məqsəd və məramı gizli deyil, Azərbaycan dövlətini, Azərbaycan hakimiyyətini hədəf seçən və milli maraqların əleyhinə ypönəlmiş planın və ssenarinin bir parçasıdır. Azərbaycanın dinamik inkişafı, dövlətçilik maraqlarına əsaslanan müstəqil siyasət həyata keçirməsi və milli məsələlərlə bağlı prinsipial mövqedən çıxış etməsi həm anti-Azərbaycan dairələr, həm ölkə daxilindəki “beşinci kolon” nümayəndələri, həm də “mühacir” adı ilə xaricə sığınan antimilli ünsürlər tərəfindən ciddi narahatlıqla qarşılanır. Ona görə də həmin ünsürlər ermənipərəst mərkəzlərdən aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün anti-azərbaycançı çağırışlar səsləndirir, ümummilli məsələlərdə dövlətimizin və xalqımızın mənafeyinə zidd mövqe tuturlar. Ölkə daxilindəki və xaricdəki “beşinci kolon” nümayəndələri istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, dövlətə qarşı “qara piar” kampaniyası aparırlar.
Hələ də mitinq və küçə təfəkkürü ilə yaşayan özünü müxalifət adlandıran bu qüvvələr 30 il əvvəlki ağıl və düşüncə, vərdişləri unuda bilmirlər. Dünya inkişaf edir, demokratik seçki, siyasi mübarizə metodoligiyası təkmilləşir. Demokratik cəmiyyətin əsas atribituna çevrilən xalqın seçimi hakimiyyətin əsas təməli kimi daha da möhkəmlənir. Azərbaycanda xalq hakimiyyəti 26 il əvvəl qurulub. Mövcud iqtidar xalqın dəstəyini və etibarını qazanaraq xalqın müxtəlif təbəqələrinin təmsil olunduğu demokratik hakimiyyəti təmin edibdir. Azərbaycan hakimiyyəti bu gün xalqının mənafeyini, rəyini nəzərə alır.
İndiki hakimiyyət milli hakimiyyətdir. Azərbaycan müxalifəti isə milli maraqlardan, millilikdən uzaqlaşıb. Müxalifət öz məqsədlərinə nail olmaq, hakimiyyətə gəlmək üçün istənilən fikri işlədir, istədiyi qüvvələrlə əməkdaşlığa gedir. Müxalifət ölkənin və regionun reallığını nəzərə almadan, dünyada gedən proseslərin mahiyyətini anlamadan əsassız, populist, bəyanatlar verir. Mitinq və küçə yürüşləri demokratik mübarizənin, xalqın iradəsinin və sosial sifarişin ifadəsi deyil.
Mitinq sifarişini verən xarici qüvvələr və bu sifarişin köləsinə çevrilən antimilli ünsürlər anlamırlar ki, Azərbaycan dövləti ilə xalqının monolitliyi, iqtidar və xalq birliyi bütün bu təxribatları iflasa uğradır. Azərbaycan cəmiyyəti radikal müxalifətin bu cür antimilli mövqeyini ikrah hissi ilə qarşılayır. Bütövlükdə isə, xalqın radikal müxalifətə etimad göstərməməsinin səbəbi bəllidir: Ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olan, ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan, dağıdıcı çağırışlar edən, radikal-ekstremist qüvvələri dəstəkləyən, həmçinin bu kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə etimad göstərmir!
Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü