Newscenter.az.25.09.2019. Feministlərin, gender bərabərliyi və qadın azadlığı şüarlarını əlində bayraq edənlərin indi əllərinə girəvə düşüb. Selcan Yağmurun adından istifadə edib ölkədə feminizmi, seksual inqilab düşüncəsini, cinsi azlıqların nikah azadlığını yaymaq, oturuşdurmaq istəyirlər. Xaricdəki gizli və ya açıq mərkəzlərdən, donor fondlardan qrant, yardım alıb cəmiyyətimizə yad olan hər cürə pislikləri ölkədə yaymağa çalışacaqlar.
Bir zamanlar Əli Kərimlinin AXCP-nin qanadı altına aldığı, yetişdirdiyi feministlər indi həm Əli Kərimlinin özünə, həm də Azərbaycana qarşı çevriliblər. Onların yazdıqları statuslar, şərhlər adamı dəhşətə gətirir. İçlərində bu ölkəyə, bu topluma, bu toplumun mental dəyərlərinə qarşı qatı nifrət hissi var. Azərbaycanı feministlər üçün, qadın azadlığı ideyası üçün həbsxana hesab edirlər. Amma halbuki bu ölkədə nə feministlərə "gözün üstə qaşın var" deyənlər, nədəki qadın azadlığının əleyhinə çıxış edənlər var.
Müxalifət partiyaları bundan sonra feminist, kosmopolit, deist, pasifist adı altında hər cürə liberal zombilər yetişdirməmək barədə ciddi-ciddi düşünməlidirlər. Çünki onların "parnik siyasəti"nin zərbəsi son nəticədə Azərbaycana, bütün cəmiyyətə dəyir.
Əlisahib Hüseynov, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri