Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsinin sədri ABŞ-dan olan jurnalistlə görüşüb



Newscenter.az.26.09.2019. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 25-də ABŞ-ın məşhur “John Batchelor Show” proqramının rəhbəri Con Batçeloru qəbul edib.

Newscenter.az xəbər verir ki, Dövlət Komitəsinin sədri xarici jurnalistin Azərbaycanın milli və dini tolerantlığın yüksək inkişaf mərhələsinə çatmasının səbəbləri, tolerantlığın təbliği və təşviqi yönündə görülən işlər, xalqımızın nümunəvi birgəyaşayış modeli, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, eləcə də bu ilin 16-18 iyul tarixlərində Vaşinqton şəhərində keçirilmiş Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransının mahiyyəti barədə suallarını cavablandırıb.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən din siyasəti dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə yönəlib.

Azərbaycan əhalisinin böyük hissəsinin İslam dininə mənsub olduğunu qeyd edən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini deyib. Respublikada dövlət qeydiyyatına alınan icmalardan 35-nin qeyri-İslam təmayüllü olduğunu diqqətə çatdıran DQİDK sədri qeyd edib ki, ölkəmizdə dini konfessiya nümayəndələrinin hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini qoruyub-saxlamaq imkanına malikdir.

Mübariz Qurbanlı, eyni zamanda Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət göstərdiyini, dünyanın 20-dən çox universitetində Azərbaycan multikulturalizm modelinin bir fənn kimi tədris edildiyini, eyni zamanda bu istiqamətdə müxtəlif ölkələrdə tədbirlərin keçirildiyini bildirib.

Azərbaycandakı dinlərarası harmoniya, multikultural mühit barədə kifayət qədər məlumatlı olduğunu deyən Con Batçelor bildirib ki, səfərinin əsas məqsədi ölkəmiz haqqında daha geniş məlumat əldə etmək və bu informasiyaları ABŞ-da yaymaqdır.

Qeyd edək ki, “John Batchelor Show” proqramı dünyanın 100-dən artıq ölkəsində ingilisdilli auditoriyalar tərəfindən dinlənilir. Proqramın bir neçə milyonluq daimi dinləyici kütləsi var. Veriliş 200-dən artıq radio tərəfindən təkrar yayımlanır.

Görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
Xəbəri paylaş