Newscenter.az.26.09.2019. Bu günlərdə ABŞ-da keçirilən BMT Baş Assambleyasının iclası bir çox mühüm siyasi hadisələrlə, xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın məyusedici hala düşməsi kimi ilə maraqlı məqamlarla yadda qaldı. Dünya ictimaiyyətini növbəti dəfə aldatmağa çalışan Ermənistan hakimiyyəti bu dəfə də layiqli cavabını aldı. Həm Azərbaycanın, həm də qardaş Türkiyənin tutarlı bəyanatları sülh danışıqlarını pozmağa çalışan, təxribatçı addımları ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışan Paşinyanın avantürası ifşa edildi.
Ermənistan rəhbərliyi hər dəfə BMT tribunasında böhtan xarakterli çıxışlarından sonra layiqli cavabını alır. Ümummilli lider Heydər Əliyev hələ 25 il əvvəl Ermənistanı BMT tribunasından ən sərrast və dəqiqliklə ifşa etmişdir. 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin 49-cu sessiyasında çıxış edən Ulu öndər Heydər Əliyev o dövrdə çox mürəkkəb olan bir şəraitdə Ermənistanın işğalçılıq əməllərini tutarlı fakt və təkzibolunmaz dəlillərlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Heydər Əliyev regionda baş verən hadisələr haqqında kifayət qədər məlumatlı olmayan, bəzi hallarda işə birtərəfli məlumatlarla yanlış təsəvvürə malik olan dünya ictimaiyyətinə əsil həqiqətləri təqdim etdi. “Ermənistan Respublikası Azərbaycanın Dağlıq Qarabağ regionunun ərazisində qoşun qruplaşması yaradaraq respublikamıza qarşı fəal döyüş əməliyyatları aparmışdır. Şuşa şəhəri və Laçın rayonu işğal edildikdən sonra Dağlıq Qarabağın ilhaqı başa çatdırılmış, Dağlıq Qarabağda yaşayan təxminən 50 min azərbaycanlı oradan qovulmuşdur. Erməni silahlı birləşmələri Dağlıq Qarabağ platsdarmından istifadə edərək bundan sonra hücumun gedişində Azərbaycanın digər altı rayonunu - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından Laçın rayonu kimi kənarda olan və sahəsi keçmiş vilayətin sahəsindən dörd dəfə cöx olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarını işğal etmişlər”.
Heydər Əliyev qətiyyətlə bu mötəbər tribundan həm də BMT-ni öz qəbul etdiyi qətnamələr hörmət etməyə çağırırdı: “ BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməməsi BMT-yə qarşı işləyir və onun beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq kimi əsas vəzifəsini yerinə yetirmək bacarığına inamı poza bilər. Beynəlxalq hüquq normalarını kobud surətdə pozan dövlət barəsində təsirli tədbirlər çox nüfuzlu beynəlxalq təşkilatın dünya birliyi qarşısında borcudur”.
Ulu öndərin beynəlxalq tribunadan ildırım effekti doğuran bu möhtəşəm çıxışı xarici lobbinin güclü dəstəyi ilə yaradılmış erməni mifinin darmadağın olunmasına səbəb oldu. Beynəlxalq təşkilatların və xarici ölkələrin Ermənistana qarşı mövqeyi də dəyişməyə başladı.
Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü