Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıl Şıxlının 100 illik yubiley tədbirləri keçirilib



Newscenter.az.26.09.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Newscenter.az xəbər verir ki, təhsil müəssisələrində azərbaycanlı nasir, ədəbiyyatşünas, yazıçı, publisist İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunmuş mühazirə, disput, “Dəyirmi masa”, seminar və ədəbi-bədii gecələr təşkil edilib. Eləcə də təhsil müəssisələrində yazıçıya həsr olunan fotostendlər, bülletenlər hazırlanıb, guşələr yaradılıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub. Məktəb kitabxanalarında İsmayıl Şıxlının əsərləri əsasında müzakirələr aparılıb.

Tədbirlərdə xalq yazıçısı İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, zəngin bədii yaradıcılığından bəhs edilib, ədibin əsərlərinin əhəmiyyəti vurğulanıb, onun yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığı şagirdlərin nəzərinə çatdırılıb.

Bildirilib ki, görkəmli yazıçı əsərlərində Azərbaycan xalqının milli düşüncə tərzini, dünyagörüşünü əks etdirməyə xüsusi diqqət yetirib, ömrünün sonunadək qələminə sadiq qalıb və ədəbiyyatımıza dəyərli nəsr əsərləri bəxş edib.

Tədbirlərdə yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarxlar nümayiş olunub. Həmçinin şagirdlərin ifasında ədibin əsərlərindən epizodlar səhnələşdirilib.

R.Mehdiyeva
Xəbəri paylaş