Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elmar Məmmədyarov BMT-nin Baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib



Newscenter.az.27.09.2019. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov sentyabrın 27-də BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

XİN-dən verilən məlumata görə, Baş Katib Azərbaycanda həyata keçirilən daxili islahatları alqışladığını vurğulayaraq, səmimi salamlarının və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş etdi.

E.Məmmədyarov səmimi qəbula görə Baş katibə minnətdarlığını bildirib. O, bu il oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Zirvə görüşünə istinad edərək Baş katibi bu tədbirdə iştirak etməyə dəvət edib.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan tənzimləmə prosesinin cari vəziyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu Yorkda iki ölkənin Xarici İşlər nazirləri arasında keçirilən ən son görüş barədə Baş katibə ətraflı məlumat verib.

Münaqişənin həlli üzrə beynəlxalq ictimaiyyətin mövqeyini, ilk növbədə isə Təhlükəsizlik Şurasının qətnamələrini xatırladan nazir Azərbaycanın işğal edilmiş torpaqlarının boşaldılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması tələbinin Ermənistan tərəfindən yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb.

A.Quterreş münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu tərəfindən aparılan fəaliyyətə dəstək verdiyini qeyd edib və BMT-nin sülh prosesinin inkişafına hər zaman töhfə verməyə hazır olduğunu bildirib.

Görüşdə tərəflər həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Görüşün sonunda nazir BMT-nin Fəxri Qonaqlar Kitabını imzalayıb.
Xəbəri paylaş