Newscenter.az.28.09.2019. Hörmətli, oxucular əminəm ki, hər birimizin ya tanışı, ya da qohumu polisdir. Onların bizim cəmiyyətdə rolları çox böyük, çətin və məsuliyyətlidir.
Polis, daxili işlər orqanları mən deyərdim ki, Azərbaycan Dövlətinin əsas sütunlarından, dayaqlarından ən önəmlisidir.
Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gələndə əlbəttə ki, bütün sahələrlə bərabər, polis orqanlarının da müasir səviyyədə formalaşmasına çox böyük təkan vermişdi. Polis orqanlarının inkişafı, polisdə sağlam ab-havanın yaranması, polisllərin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi-bütün bunlar ölkəmizin ümumi inkişafına çox müsbət təsir etmişdi.
Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin, təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa, narkomanyaya qarşı mübarizə kimi məsuliyyətli işləri vicdanla yerinə yetirib.
Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılıb.
Şübhəsiz ki, hər peşənin çətinlikləri vardır. Bu peşələrin içində polisin xidməti çətinliyi və məsuliyyəti daha da çoxdur. Onların yuxusuz və istirahətsiz həftələrinin çətinliyini mən yaza, siz oxuya bilərsiniz. Amma onun məsuliyyətini, dərinliyini ancaq polislər bilər.
Məsələn, biz bu gün rahat yata, gəzə biliriksə, onu təhlükəsizliyimizin keşiyində dayanan, başqasının malını, mülkünü, ailəsini qorumaq üçün öz canını, qanını əsirgəməyən polisimizə borcluyuq. Bəzən də polis haqsız iradlara, hətta böhtanlara məruz qalır.
Bir Alman filosofu belə bir fikir deyib: “vətəndaş cəmiyyəti üçün polisin əvəzsiz dəyərini bilməliyik. Cəmiyyət onsuz inkişaf edə və mövcud ola bilməz”.
Doğrudur…Unutmaq lazim deyil ki, hər birimizin iş günü və saatı var. Ondan sonrakı rahatlığımızı təmin edən polislərimiz üçün heç kəs seçilmir, hər bir vətəndaşın təhlükəsizlik yükünü eyni qaydada daşıyırlar.
Ümid edirəm ki, bu şərəfli işin öhdəsindən illər sonra da layiqincə gələcəklər. Necə ki bunu indi edirlər.
Mövzuya toxunmaqda məqsədim, bu yaxınlarda Azərbaycanın dilbər güşəsi sayılan bölgələrdən birində polisimizə qarşı edilən böhtan və hörmətsizliyə, onların olduqca məsuliyyətli və peşəkar fəaliyyətlərinə xələl gətirənlərə səslənməkdir.
Yuxarıda qeyd etdiyim nüansları göz önünə gətirib, UTANIN
Tünzalə İsmayılova
Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri