Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakının 7 ərazisində yerüstü və yeraltı piyada keçidləri inşa edilir



Newscenter.az.30.09.2019. Bakı şəhərində bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır. Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki. sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir. Hazırda Bakı şəhərində 5 ərazidə piyada keçidlərinin inşası aparılır. Bunlar Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi, Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə yerüstü piyada keçidi, Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yerüstü piyada keçidi, Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidi və Xətai rayonu, Neapol küçəsində yerüstü piyada keçididir.

Piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində 1 ərazidə keçidin tikintisi yekunlaşıb, daha 2 ərazidə isə yeni keçidlərin tikintisinə start verilib.

Tikintisi yekunlaşmış piyada keçidi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də Hökməli dairəsinin yaxınlığındadır. Dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Keçidin eni 3 metr, yol səthindən hündürlüyü isə 5.5 metr təşkil edir.

Daha 2 keçidin isə Qaradağ rayonu ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 39 və 49-cu km-də, Ümid qəsəbəsi və “Yol evi” yaşayış massivində inşasına start verilib. Yerüstü piyada keçidləri metal konstruksiyalı və üstü açıq olmaqla uzunluqları 51 m, eni isə 4 m olacaq. Keçidin dayaqlarının özül hissələri artıq tikilib.

Qeyd edək ki, Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, paytaxt Bakıda və Bakı ətrafı yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkətini, vətəndaşların küçə və prospektlərdən rahat və təhlükəsiz keçidini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində 2016-2018-ci illər ərzində 3 yeraltı, 19 yerüstü piyada keçidi inşa olunub.

Anar
Xəbəri paylaş