Newscenter.az.1.10.2019. Gecə saatlarında sərnişindaşıma ilə bağlı 10 ildir tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.
Newscenter.az-a Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətindən bildirilib ki, bundan sonra rayonlara və əks istiqamətə gecə saatlarında da təhlükəsiz, rahat, həmçinin qanuni nəqliyyat vasitələri ilə getmək mümkün olacaq.
Gecə reysləri ilə bağlı hazırlıqlar artıq yekunlaşıb və oktyabr ayının 1-dən tam fəaliyyətə başlayacaq. Bu gündən etibarən hər gün (gündəlik) yol infrastrukturu bu reysləri həyata keçirmək üçün uyğun olan, eyni zamanda sərnişin tələbatının çox olduğu Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətlərində müəyyən olunmuş saatlarda həyata keçiriləcək. İlk reys bu gün saat 22:00-da Gəncə istiqamətində yola düşəcək.
Gecə reyslərinin uğurla həyata keçirildiyi təqdirdə və tələbatdan asılı olaraq avtobusların sayının artırılaraq digər istiqamətlərə də tətbiq olunması planlaşdırılır.Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçiriləcək.
Sərnişinlərin təhlükəsizlik daşınması məqsədilə gecə reyslərində fəaliyyət göstərəcək avtobusların sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi 90 km/saat müəyyən edilib. Bundan başqa bütün avtobusların içərisində (salonunda) kamera, GPS naviqasiya sistemi və video registratorlar quraşdırılıb və bu da dispetçer tərəfindən avtobusu canlı izləmə imkanı yaradacaq.
Anar