Newscenter.az.11.10.2019. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü İclasında iştirak etmək üçün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenatı Səfər Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.
Newscenter.az-a DGK-dan bildirilib ki, nümayəndə heyətində Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhhət Həbibbəyli, eləcə də Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarının rəhbərləri də təmsil olunurlar.
Oktyabrın 11-də Türkiyə Respublikasının Ankara şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü İclası keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin və Türkiyə Respublikası ticarət nazirinin müavini Qonca Yılmaz Baturun rəhbərliyi ilə nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə iki qardaş ölkənin gömrük orqanları arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
İclasda risk analizi və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) ilə əlaqədar həyata keçirilən təcrübə mübadiləsinin davam etdirilməsi, iki ölkənin Kinoloji Mərkəzləri arasında, eləcə də kinoloqların təlimi sahəsində əməkdaşlığın gücləndirilməsi, Dilucu-Sədərək gömrük idarələri arasında keçirilən görüşlərin mütəmadiliyinin təmin edilməsi, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində birgə tədbirlərin gerçəkləşdirilməsi kimi məsələlər müzakirə edilib. Eyni zamanda tərəflər 19 iyul 2017-ci il tarixdə Bakıda imzalanmış "Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında Avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş"ə uyğun müvafiq Texniki Şərtlər sənədinin müzakirələrinin tamamlanaraq ən qısa zamanda imzalanması, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində sərhəd-keçid prosedurlarını asanlaşdırmaq üçün ilkin məlumat mübadiləsini təmin edəcək razılaşmanın müzakirəsinə başlanılması, gömrük sahəsində mövcud əməkdaşlığın Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli formatında daha da inkişaf etdirilməsi, gömrük sahəsində hazırlanan rəqəmsal layihələrdə Türkiyə gömrüyünün təcrübələrinin Azərbaycan gömrük orqanları ilə paylaşılması və s. məsələlərdə birgə razılığa gəliblər.
Sonda "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında 2019/2020-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair Tədbirlər Planı" və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü İclasının Protokolu imzalanıb. Sənədləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Türkiyə Respublikası Ticarət nazirinin müavini Qonca Yılmaz Batur imzalayıblar.
Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin dördüncü İclası növbəti il Bakıda keçiriləcək.
Zaur