Newscenter.az.14.10.2019. Bir sıra kütləvi informasiya vasitələrində Bakı Baş Gömrük İdarəsində lizinq müqaviləsi əsasında ölkəyə tibbi avadanlıqlar idxal edən "Şimal Servis" MMC-dən "qanunsuz" olaraq ƏDV tələb olunduğuna dair məlumatlar yaymlanıb. Həmin məlumatlar həqiqətə uyğun deyil və "Şimal Servis" MMC-nin idxal etdiyi mallara görə həyata keçirilən gömrük əməliyyatlarında qanun pozuntusuna yol verilməyib.
Newscenter.az-a DGK-dan bildirilib ki, "Şimal Servis" MMC cari ilin avqust ayında Bakı Baş Gömrük İdarəsinə bəyannamə ilə birlikdə üçtərəfli lizinq müqaviləsi də təqdim edib. Həmin sənəddə müqavilənin subyektləri olaraq lizinq verən "Şimal Servis" MMC, lizinq alan "V.A. Grup" MMC, mal satan tərəf isə "GHİ Solutions GMBH" şirkətlərinin adı qeyd olunub.
Gömrük bəyannaməsindəki məlumatların yoxlanılması zamanı isə mal-müşayiət sənədlərinə (göndərən ölkənin ixrac bəyannaməsi, mənşə sertifikatı, daşınma sənədləri) əsasən malların həmin lizinq müqaviləsinin subyekti kimi çıxış etməyən "Sirona Dental Systems GMBH" şirkəti tərəfindən göndərilməsi müəyyən edilib ki, bununla da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1 və 747.5-ci maddələrinin tələbləri pozulub. Buna görə də idxal edilən həmin mallar lizinq müqaviləsinin obyekti hesab edilməyib.
Üstəlik "Şimal Servis" MMC-nin nümayəndələri Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturlarının rəhbərləri tərəfindən dəfələrlə qəbul edilib və onlara qanunvericiliyin tələbləri ətraflı izah olunub. Aparılan izahat işlərinin nəticəsi olaraq gömrük orqanlarının haqlı tələbləri yerinə yetirilərək şirkət tərəfindən ƏDV ödənilib və gömrük rəsmiləşdirilməsi başa çatdırılaraq mallar sahibinə təhvil verilib.
Gömrük orqanlarının tələbini əsassız sayan "Şimal Servis" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi isə 08.10.2019-cu il tarixli qərardadı ilə iddiaçı "Şimal Servis" MMC-nin cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsini mümkün saymayıb.
Zaur