Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə bəzi dırnaqarası "müsəlman" ölkələrinin və Qərb dövlətlərinin iddia etdiyi kimi heç də işğalçılıq məqsədləri güdmür



Newscenter.az.14.10.2019. "Qardaş Türkiyə Cümhuriyyətinin Suriyanın şimalında "Sülh bulağı" anti-terror əməliyyatını öz sərhədlərinin təhlükəsizliyini təmin etmək və uzun illərdir ki, savaş bataqlığına çevrilən bölgəyə sülh və əminamanlıq gətirmək məqsədilə başlatması hər kəsə məlumdur. Türkiyə bəzi dırnaqarası "müsəlman" ölkələrinin və Qərb dövlətlərinin iddia etdiyi kimi heç də işğalçılıq məqsədləri güdmür, geopolitik hegemonluğa da can atmır"

Newscenter.az xəbər verir ki, bu fikirlər Demokratik Azərbaycan Dünyası Partiyasının Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatına dəstək bəyanatında yer alıb.

Bəyanatda daha sonra qeyd edilir: "İşğalçılığın, təcavüzkarlığın standartları bəllidir. Bu gün Yaxın Şərqdə və Qafqazda işğalçı ölkə "status"unu qazanmış ölkələri də hamımız yaxşı tanıyırıq. Maraqlıdır ki, Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınmış ərazilərinin 20 faizini 30 ilə yaxındır ki, işğal altında saxlayan təcavüzkar Ermənistana "sən işğalçısan" sözünü deməyə cəsarəti və ya ədalət hissi çatmayan bəzi müsəlman və Qərb ölkələri indi Türkiyənin beynəlxalq hüququn özünümüdafiə haqqını tanıyan müddəalarına tamamilə uyğun olan anti-terror əməliyyatı aparmasına işğalçılıq donu geyindirmək qədər simasızlığa və "ikili standart"lara yol verir, Türkiyəni təhdid edirlər".

Biz Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) olaraq Türkiyə Silahlı Qüvvələrinin Fərat çayının şərqində PKK/YPG və İŞİD terror birləşmələrinə qarşı gerçəkləşdirdiyi "Sülh bulağı" əməliyyatını Türkiyə Cümhuriyyətinin qanuni haqqı hesab edir və beynəlxalq ictimaiyyəti də Türkiyənin hazırki həssas durumuna anlayışla yanaşmağa , ədalətli mövqe tutmağa çağırırıq. Həmçinin, müsəlman ölkələrini, türk cümhuriyyətlərini də bu kritik məqamda qardaş Türkiyə Cümhuriyyətinin yanında yer almağa, onun haqq işini dəstəkləməyə səsləyirik. Hesab edirik ki, İslam həmrəyliyi və Türk birliyi ideyaları öz dəyərini və əhəmiyyətliliyini məhz bu anda əyani şəkildə göstərməlidir. Sadəcə sözdə birlik şüarları səsləndirməklə real birlik əmələ gətirmək mümkün olmur. Ümumiyyətlə, terroru pisləyən hər bir ölkə bugünlərdə terrora qarşı mübarizə aparan Türkiyənin mövqeyini dəstəkləməlidir. Kim Türkiyəni qınayırsa, yaxud da təhdid edirsə demək ki, onların terrorçuluq əleyhinə səsləndirdikləri bəyanatlar da qeyri-səmimidir və belələrini əslində beynəlxalq terrorizmə gizli şəkildə dəstək verməkdə olan ölkələr kimi də gözdən keçirmək olar.

Demokratik Azərbaycan Dünyası Partiyası Türkiyənin PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı bu qəti mübarizə mövqeyini birmənalı surətdə dəstəkləyir və Türk əsgərinin sülh əsgəri olduğunu bəyan edir. Biz Türkiyə Silahlı Qüvvələrinə "Sülh bulağı" əməliyyatında uğurlar və qələbə diləyirik!.
Xəbəri paylaş