Newscenter.az.23.10.2019. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri üçün Azərbaycan Respublikası Dövlət Neft Fondununicraçı direktoru Şahmar Mövsümovun iştirakı ilə görüş təşkil edib. Newscenter.az xəbər verir ki, görüşdə Ş.Mövsümovbu sahədə görülən işlər, qarşıya qoyulan hədəflər barədə danışıb.
Bununla yanaşı, tədbirdəbir neçəüzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə AmCham-ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.
Şahmar Mövsümov ilk olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) missiyası və məqsədləri haqqında danışıb. O, qeyd edib ki, ARDNF-ın missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. O, həmçinin qeyd edib ki, ARDNF-ın əsas vəzifələri ölkədə makro-iqtisadi sabitliyin qorunması, tükənən təbii sərvətlərdən əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması, o cümlədən, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsidir. ŞahmarMövsümov çıxışında ARDNF-ın idarəetmə strukturu və hüquqi bazası məsələlərinə də toxunub. Bununla yanaşı, təqdimat çərçivəsində ARDNF-ın fəaliyyəti boyu ölkə iqtisadiyyatına və dövlət büdcəsinə töhfələri də işıqlandırılıb. Ş.Mövsümov Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, STAR Neft Emalı Zavodu, Cənubi Qaz Dəhlizi, Samur-Abşeron su kanalının yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su borusunun tikintisi və ARDNF tərəfindən maliyyələşdirilən digər yerli və xarici layihələr barədə də iştirakçıları məlumatlandırıb. İcraçı Direktor ARDNF-ın investisiya portfoliosu barədə də ətraflı məlumatla çıxış edib. O, qeyd edib ki, ARDNF-in aktivlərinin həcmi təxminən 42,5 milyard dollara yaxınlaşır. “Dövlət Neft Fondu çox konservativ investisiya siyasəti həyata keçirir. Buna baxmayaraq, 2012-ci ildən başlayaraq Fond müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başladı, səhmlərin artırılması, daşınmaz əmlak və qızıla investisiyalar həyata keçirildi. Biz gələcəkdə riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik”,- Ş.Mövsümov əlavə edib.
Qeyd edək ki, AmCham Azərbaycan üzvlərinin işgüzar görüşləri Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, beynəlxalq maliyyə qurumlarının rəsmi şəxsləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
AmCham Azərbaycan xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.
Aydan