Newscenter.az.23.10.2019. Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramında qarşıya qoyulan məqsədlərə uyğun olaraq, hərəkət iştirakçılarının, o cümlədən sərnişinlərin maariflədirilməsi istiqamətində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təşkil edilən təbliğat-təşviqat xarakterli tədbirlər təkcə Bakı şəhərini deyil, ölkəmizin bütün regionlarını əhatə etməkdədir. Növbəti tədbir Şəki şəhərində keçirilib.
Newscenter.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional Şöbəsinin və Şəki Avtovağzalının təmsilçilərinin də qatıldığı tədbir bilavasitə sərnişinlərin iştirakı ilə gerçəkləşib. Şəki Avtovağzalında keçirilən görüşdə bu dəfə DYP əməkdaşları sürücülərlə deyil, sərnişinlərlə maarifləndirici görüş keçirib.
Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanan tövsiyə xarakterli posterin məzmunu barədə sərnişinlərə məlumat verən DYP əməkdaşları onları yollarda üzləşə biləcəkləri təhlükələrdən xəbərdar edib və belə hallara qarşı birgə mübarizənin əhəmiyyətindən danışıb.
Məlumat üçün qeyd edək ki, sözügedən posterdə sərnişinlərə xitab edilərək, onlara həyatlarını etibar etdikləri sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına biganə qalmamaq, nəqliyyat vasitələrində hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlərdən çəkinmək, belə söhbətlərdə iştirak edən sürücülərə etiraz etmək, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edən, ümumiyyətlə yol hərəkəti qaydalarını pozan sürücülərə irad bildirmək və onları intizamlı olmağa dəvət etmək tövsiyə edilir.
Bununla yanaşı posterdə, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər barəsində dərhal Baş Dövlət Yol Polisi İdarəsinin “902” Qaynar Xəttinə məlumat vermələri də sərnişinlərdən xahiş olunur.
Anar