Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Dünyəvi dövlətdə din və təhsil: mövcud vəziyyət və vəzifələr” mövzusunda konfrans keçirilib



Newscenter.az.24.10.2019. Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil idarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil: mövcud vəziyyət və vəzifələr” mövzusunda konfrans keçirilib.

Newscenter.az-a Dini Komitədən bildirilib ki, Binəqədi rayonu üzrə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə irector müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, məktəb psixoloqlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov bu cür tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib. H.Əsgərov gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunaraq hər bir gəncin vətənpərvərlik ruhunda formalaşmasının vacibliyini diqqətə çatdırıb. Natiq çıxışında maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini də yüksək qiymətləndirib.

Daha sonra çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov respublikamızdakı tolerant və multikultural ənənələrə əsaslanan, özündə milli dəyərlərimizi də ehtiva edən nümunəvi dövlət-din münasibətlərindən, bu sahədə görülən işlərdən danışıb. O bildirib ki, xalqımızın böyük hissəsinin inanclar sistemində mühüm yer tutan, sonuncu səmavi din olan İslam insanı mənəvi cəhətdən kamilləşməyə, ədalətli, mərhəmətli, vicdanlı olmağa, elmə və təhsilə dəyər verməyə səsləyir. Ümumilikdə, bütün ənənəvi dinlərin əsas məqsədi insanın pislikdən uzaqlaşaraq yaxşılığa yönəlməsini təmin etməkdir.

Maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edən sədr müavini bildirib ki, cəmiyyətdə dini biliklərin yetərsizliyi insanların xurafata meyl etmələrinə, öz milli-mənəvi dəyərlərindən uzaqlaşmalarına, məzhəbçilik və təriqətçilik kimi mənfi təzahürlərin yayılmasına səbəb ola bilər ki, bu da, öz növbəsində, cəmiyyətin aşınması ilə nəticələnər.
Sədr müavini ümumtəhsil məktəblərində milli-mənəvi, o cümlədən dini dəyərlərimizlə bağlı biliklərin daha da dərinləşdirilməsinə ehtiyac olduğunu qeyd edib. O, uşaqlar və gənclərin dinlə bağlı məlumatların etibarlı mənbədən almalarının vacibliyini vurğulayıb. Gündüz İsmayılov dini biliklər deyildikdə əsasən bütün dinlərin, müqqəddəs kitabların mahiyyətinin, eləcə də dini radikalizm haqqında məlumatların nəzərdə tutulduğunu bildirib.

Konfrans müzakirələrlə davam edib.

Mehman
Xəbəri paylaş