Newscenter.az.24.10.2019. Bakı Dövlət Universitetində (BDU) Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “MDB iştirakçı dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu” və “Ekosfera” Sosial-ekoloji Mərkəzi ilə birgə “Yaşıl Planet” beynəlxalq tələbə məktəbinin “Biomüxtəliflilik, ekosistem xidmətləri və xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi” mövzusunda plenar sessiya keçirilib.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, tədbiri giriş sözü ilə BDU-nun rektoru Elçin Babayev açaraq 100 illik yubileyi qeyd olunan Bakı Dövlət Universitetində ekoloji təhsil və maarifləndirmə sahəsində aparılan yeniliklər və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlərdən bəhs edib. Azərbaycanda ekoloji maariflənməyə və ətraf mühitin qorunmasına xüsusi diqqət göstərildiyini bildirən rektor layihənin ekologiya sahəsində çalışan mütəxəssislər arasında çoxtərəfli əlaqələrin qurulmasına əsas verəcəyini vurğulayıb.
"Ekosfera" Sosial-ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultanzadə bildirib ki, layihə çərçivəsində MDB və Baltikyanı ölkələrdən olan gənclər ətraf mühit problemlərinə ictimaiyyətin diqqətini cəlb etmək, təcrübə mübadiləsi və təlim keçmək məqsədi ilə Azərbaycanda toplanıblar.
Sonda “Yaşıl Planet” beynəlxalq tələbə məktəbinin iştirakçıları universitetin Ekologiya və torpaqşünaslıq fakültəsinin maddi-texniki bazası tanış olub, Nano Araşdırmalar Mərkəzi, Təkamül müzeyində olublar.
Qeyd edək ki, 9 ölkədən 18-25 yaş aralığında 100 nəfər gənc iştirak etdiyi məktəbdə gənclərin ətraf mühitin mühafizəsi, eko-liderlik, ətraf mühitin idarə olunması və digər mövzularda mühazirələr, seminarlar və ustad dərsləri keçirilir.
R.Mehdiyeva