Newscenter.az.9.11.2019. İstanbulda “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “İstiqlal” beynəlxalq bilik yarışının açılışı olub.
Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən İctimai Birliyin sədri Aqil Ələsgər yarışın əhəmiyyətindən danışıb. Bildirib ki, yarışda Türkiyədə təhsil alan xarici və yerli tələbələrin Azərbaycanın tarixi, mədəniyyəti, dövlət siyasəti, iqtisadiyyatına dair bilikləri yoxlanılır.
Tədbirin əsas məqsədinin türkiyəli və xarici tələbələrə Azərbaycanı doğru şəkildə tanıtmaq olduğunu deyən A.Ələsgər yarışın gənclərin intellektual oyunlara marağını artırmaq baxımından da əhəmiyyətini vurğulayıb. O, yarışın təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Gənclər Fonduna minnətdarlığını bildirib.
Gənclər Fondunun nümayəndəsi Mübariz Qadirov təmsil etdiyi qurumun fəaliyyətindən və həyata keçirdiyi layihələrdən danışıb. O, Azərbaycanda dövlət gənclər siyasətinin uğurla reallaşmasında fondun mühüm rol oynadığını qeyd edib.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Xəyyam Daşdəmirov, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtay ölkələrimiz arasında qardaşlıq əlaqələrinin tarixi köklərindən danışıblar.
Bildirilib ki, bu cür tədbirlər Azərbaycan ilə Türkiyə arasında strateji ortaqlıq və qardaşlıq münasibətlərinin tarixinin öyrənilməsinə müsbət təsir göstərir. Natiqlər tədbirin Dövlət Bayrağı Günü ərəfəsində keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
İki gün davam edəcək bilik yarışında xarici və yerli tələbələrdən ibarət 30 komanda mübarizə aparır. Yarışın qalibləri (5 nəfər) Azərbaycana səyahət imkanı əldə edəcəklər.