Newscenter.az.15.11.2019. “Azərbaycan Dəmir Yolları” QSC-də "Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru David Peradzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə Newscenter.az-a “Azərbaycan Dəmir Yolları”ndan bildirilib.
Məlumata görə, görüşdə qurumun sədri Cavid Qurbanov Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan əməkdaşlıq əlaqələri, ölkəmizin nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. O, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib.
C.Qurbanovun sözlərinə görə, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib. BTQ-nin əhəmiyyətindən danışan sədr qeyd edib ki, bu marşrut qlobal səciyyə daşıyır, Avropa və Asiyanı birləşdirən ən qısa və etibarlı yoldur. Buna görə də istifadəyə veriləndən sonra marşruta maraq daha da artıb.
Daha sonra hər iki ölkənin dəmir yoları arasında əməkdaşlıq əlaqələrinin perspektivləri ilə bağlı müzakirələr aparılıb. D.Peradze bildirib ki, bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Hazırda bu marşrutun imkanlarından istifadə edilərək, yüklər Azərbaycan və Gürcüstan üzərindən keçməklə, Çin, Orta Asiya ölkələrindən Türkiyəyə və əks istiqamətə daşınır.
Görüşün yekununda ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı protokol imzalanıb.
Anar