Newscenter.az.18.11.2019. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.
Naxçıvan Muxtar Respublikasının inkişafının daim diqqət mərkəzində olduğunu bildirən Prezident İlham Əliyev deyib:
- Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir.
Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir. Hazırda düşmənlə sərhəddə vəziyyət necədir və hərbi potensialın möhkəmləndirilməsi üçün əlavə hansı işlər görülməlidir?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib:
- Çox sağ olun cənab Prezident. Bütün bunlar hamısı Sizin ölkəmizə uğurlu rəhbərliyinizin, Ümummilli Liderimizin yolunu uğurla davam etdirməyinizin nəticəsidir. Bütün bunlara görə muxtar respublika sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Bu günlər sərhədlərdə məhəlli münaqişələr baş verir, ancaq buna baxmayaraq, Sizin rəhbərliyinizlə, qayğınızla muxtar respublikada yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmə və hissələri uğurlu yol keçib, Əlahiddə Ümumqoşun Ordusu korpusdan Əlahiddə Ümumqoşun Ordusuna qədər yol keçibdir. Bu da Sizin qayğınızla yaradılıb. Alınmış silah-sursatla bu gün muxtar respublikanın ordusu da lazımınca təmin olunur. Hazırda muxtar respublikada yerləşən birləşmə və hissələrdə qəbul edilmiş planlara uyğun olaraq təlimlər və nəzəri işlər həyata keçirilir. Eyni zamanda, hazırda muxtar respublikanın əsgəri məişət komplekslərinin yaxşılaşdırılması sahəsində işlər gedir, hava hücumundan müdafiə sahəsində işlər həyata keçirilir. Bir sözlə, Sizin qayğınızla muxtar respublikanın müdafiəsi üçün orada yerləşən hərbi hissələr hər bir tapşırığı yerinə yetirməyə tam hazırdır.
Prezident İlham Əliyev: O dağ postlarına təchizatın təşkili ilə bağlı işlər görülüb?
Vasif Talıbov: Demək olar ki, hamısına yollar çəkilibdir. Bəzi postlarımız var ki, onların təminatı avqust-sentyabr aylarında həyata keçirilir. Bütün hamısı ilə əlaqəmiz var, gələn ilin iyun ayına qədər təminat artıqlaması ilə həyata keçirilibdir və xidmətin aparılmasında heç bir problem yoxdur.
Prezident İlham Əliyev: Çox yaxşı. Digər vacib sahə energetikadır. Bu istiqamətdə də böyük işlər görülüb. Hazırda Naxçıvanda generasiya gücü 220 meqavata yaxındır və sevindirici hal ondan ibarətdir ki, bunun əksəriyyəti bərpaolunan enerji növləridir. Su və Günəş elektrik stansiyalarının tikintisi geniş vüsət almışdır. Hazırda uzun illər üzərində işlədiyimiz və İran İslam Respublikası ilə imzalanmış anlaşma nəticəsində reallaşan önəmli layihə icra edilir – 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası tikilir. Soruşmaq istəyirəm, bu istiqamətdə hansı işlər görülüb və stansiyanın tikintisi ilə bağlı əlavə hansı addımlar atılmalıdır?
Vasif Talıbov: Sizin qayğınız və iştirakınızla 2005-ci il dekabrın 20-də muxtar respublikada İran İslam Respublikasından alınmış qazın açılışı həyata keçirildi, bu gün 90 minə yaxın abonent qazla təmin olunubdur. Elektrik enerjisi sahəsində də böyük işlər görülüb. Əgər 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası var idisə, hazırda 9 elektrik stansiyası mövcuddur. Siz qeyd etdiyiniz kimi, bunun da 6-sı bərpaolunan enerji sistemləridir. Əgər 2003-cü ildə muxtar respublika 1 milyard kilovatsaata yaxın enerji idxal etmişdisə, 2018-ci ildə 35 milyon kilovatsaata yaxın ixrac edibdir. Buna görə bu sahədə də Sizin qayğınızla işlər davam etdirilir, problem yoxdur. Ordubad Su Elektrik Stansiyası ilə bağlı Araz çayının bizim əraziyə tərəf hissəsində bənd tikilibdir, qapılar qoyulubdur, kanalda işlər davam etdirilir. İran İslam Respublikası ilə danışıqlar aparılır ki, o tərəfdən də bəndin tikintisi ilə bağlı işlərə başlanılsın. Vəsait ayırıbsınız, heç bir problem yoxdur, işlər davam etdirilir.
Prezident İlham Əliyev: Çox yaxşı. Bu, doğrudan da tarixi nailiyyətdir. Çünki Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılıb və belə olan halda enerji təminatı xüsusi əhəmiyyət kəsb edir. Bu, əslində, təhlükəsizlik məsələsidir və heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir. Bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə mümkün deyildi, bu gün reallıqdır. Şadam ki, bərpaolunan enerjinin ümumi enerji balansındakı payı getdikcə artır və Ordubad Su Elektrik Stansiyasının istifadəyə verilməsi nəticəsində prinsip etibarilə Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına qarşılayacaqdır.
Bir də ki, yolların tikintisinə də böyük vəsait ayrılmışdır və yollar keyfiyyətli tikilir. Mən özüm şəxsən bunun şahidi olmuşam. Naxçıvan-Şərur-Sədərək avtomobil yolu bir neçə ildir ki, istifadəyə verilib. Naxçıvan-Şahbuz yolu layihəsi tam icra edilib. Naxçıvan-Culfa yolu da icra edilib, hazırda Culfa-Ordubad yolunun tikintisi davam etdirilir. Bu istiqamətdə hansı işlər görülüb və bu yolun nə vaxt istifadəyə verilməsi nəzərdə tutulur?
Vasif Talıbov: Çox sağ olun. Ayırdığınız vəsaitlə orada işlər başlanıbdır, yolun uzunluğu 50 kilometrdir. O vaxt layihəni təsdiq edən zaman verdiyiniz tapşırığa əsasən onun 11 kilometri 2 gedişli-2 gəlişli, qalan 40 kilometrə yaxını isə 1 gedişli-1 gəlişlidir. Artıq orada torpaq və bir qat asfaltın qoyulması işləri başa çatıbdır. Bu ilin sonuna kimi orada ikinci asfalt qatının qoyulması başa çatacaq. İcazənizlə, biz üçüncü qatı qışda deyil, may-iyun aylarında qoyaq.
Prezident İlham Əliyev: Gələn ilə?
Vasif Talıbov: Bəli, yol böyüsün, otursun, may-iyun aylarında tamamilə tamamlanacaqdır.
Prezident İlham Əliyev: Beləliklə, şəhərlərarası bütün yollar artıq ən yüksək standartlara cavab verəcək.
Vasif Talıbov: Bəli, birinci dərəcəli yollar demək olar ki, tam standartlara cavab verən səviyyədə qurulur.
Prezident İlham Əliyev: Kənd yolları da tikilir, bu istiqamətə də vəsait ayrılmışdır və gələn ilin investisiya proqramında bu, nəzərə alınmalıdır.
Vasif Talıbov: Sağ olun. Ümumiyyətlə, 2003-2019-cu illər ərzində kənd yolları da daxil olmaqla, 2 min kilometrə yaxın ümumi yollar investisiya və büdcə vəsaiti hesabına qurulmuşdur.
Prezident İlham Əliyev: Çox yaxşı. Şərur Sənaye Məhəlləsinin yaradılması üçün bu il 5 milyon manat vəsait ayrılıb və bu sahədə hansı işlər görülür? Eyni zamanda, Naxçıvanda yeni xalça fabrikinin tikintisi də nəzərdə tutulur. Bu sahədə hansı işlər görülüb? Məruzə edin.
Vasif Talıbov: Çox sağ olun. Ayırdığınız vəsait hesabına Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıbdır, qısa müddət ərzində investorların cəlbi ilə bağlı təkliflər vermişik. Təklifləri gözləyirik ki, orada hansı sənaye müəssisələri qurulsun. Demək olar ki, bu ilin sonuna artıq orada ilk müəssisənin qurulması işlərinə başlanılacaqdır. İlk olaraq bitki yağları istehsalı müəssisəsinin qurulması nəzərdə tutulubdur. Ona görə ki, muxtar respublikamızda bu, yüz faiz idxal hesabına həyata keçirilir.
Xalça fabrikinin qurulması işləri başa çatdırılıbdır. İndi yun tədarükü sexinin qurulması işləri davam etdirilir. Artıq orada işçilər götürülübdür, yəni, sınaq işləri başlanılıbdır, xalçalar toxunur. Bir-iki ay müddətində orada işlər tamamilə başa çatdırılacaq.
Prezident İlham Əliyev: Çox yaxşı. Artıq bir neçə ildir ki, Naxçıvan özünü taxılla tam təmin edir və məhsuldarlıq da yaxşıdır. Kənd təsərrüfatının inkişafı üçün indi pivot suvarma qurğularının alınması məqsədilə vəsait ayrılmışdır. Eyni zamanda, bu ilin investisiya proqramında Süni Mayalanma Mərkəzinin tikintisi nəzərdə tutulur. Bunun ümumi dəyəri təqribən 7 milyon manatdır, onun böyük hissəsi bu il verilməli idi, vəsait verildi və bu sahədə hansı işlər görülüb?
Vasif Talıbov: Muxtar respublikada bu sahəyə də diqqətiniz sayəsində, cənab Prezident, deyə bilərəm ki, bu illər ərzində 4 min hektara yaxın ərazidə yeraltı suvarma şəbəkələri qurulmuş, 160-dan yuxarı artezian quyusu qazılmışdır və kəhrizlər bərpa olunmuşdur. Bunun hesabına 2003-cü ildə muxtar respublikanın əkinə yararlı torpaqları əgər 39 min hektarı əhatə edirdisə, Heydər Əliyev su anbarını istifadəyə verdiyinizdən, yeraltı suvarma şəbəkələri qurulandan sonra bu gün artıq 62 min hektar əkinəyararlı torpaqlardan istifadə olunur və muxtar respublika özünü ərzaqla tam təmin edə bilir. Deyə bilərik ki, Sizin rəhbərliyinizlə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi məsələləri tam təmin olunubdur.
Prezident İlham Əliyev: Çox yaxşı. Eyni zamanda, əminəm ki, artıq ixrac potensialı da formalaşa bilər. Bildiyiniz kimi, Türkiyə tərəfi böyük addım ataraq Naxçıvanın istehsalı olan malların idxalı ilə bağlı da göstəriş vermişdir. Hesab edirəm ki, Naxçıvanın istehsal potensialı artdıqca ixrac imkanları da genişlənəcək.
Bir məsələyə də toxunmaq istəyirəm. Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin.
Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu əlavə 800 milyon manat sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır.
Vasif Talıbov: Gələn ilin büdcəsi ilə əlaqədar deyə bilərik ki, maaş artımı ilə əlaqədar büdcənin həcmi də artmışdır. Gəlirlər hissəsi isə 12 milyon manata yaxın artırılmışdır, yəni, 2020-ci ilin büdcəsində yerli gəlirlər 100 milyon manata yaxındır. Pensiya və təqaüdlərin ödənilməsi üçün yerli büdcədə təqribən 100 milyon manata yaxın yığım nəzərdə tutulub.
Prezident İlham Əliyev: Çox yaxşı. Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır.