Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tovuzda “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib



Newscenter.az.18.11.2019. Noyabrın 18-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, ölkəmizdə bütün dini konfessiyaların nümayəndələrinin hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atılıb. Müxtəlif dini mənsubiyyətə malik insanlar, cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq, dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Onun sözlərinə görə, bu gün Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələrinin tam qarşılıqlı anlaşma və milli həmrəylik şəraitində yaşamaları üçün hər cür təminat var.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov diqqətə çatdırıb ki, dünyada cərəyan edən ictimai-siyasi proseslərə nəzər saldıqda görürük ki, bu gərginliyin əsasını dini və etnik zəmində baş verən münaqişələr təşkil edir. Belə mühitdə tolerantlığın, multikulturalizmin, birgəyaşayışın əhəmiyyəti olduqca vacibdir. Respublikamızda dini etiqad azadlığına təkcə sözdə yox, həm də praktikada geniş imkanlar yaradıldığını bildirən S.Heydərov dövlətin vicdan azadlığının təminatçısı olduğunu söyləyib. Qeyd olunub ki, tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda dinlər əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərir, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirirlər. Ölkəmizin inkişafı, qüdrətlənməsi ilə yanaşı, ərazi bütövlüyümüzün qorunmasında da burada yaşayan bütün xalqların və dinlərin nümayəndələri hər zaman qəhrəmanlıq və vətənpərvərlik nümunələri ortaya qoyublar. Komitə rəsmisi belə parlaq nümunələrdən birinin Qarabağ müharibəsi zamanı şücaət göstərən yəhudi əsilli, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Albert Aqarunovun olduğunu deyib və elə keçən həftə Bakıda onun şərəfinə ucaldılan heykəlin açılışını xatırladıb.

Sədr müavini vurğulayıb ki, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən multikulturalizm və tolerantlıq siyasəti dünya birliyi tərəfindən də yüksək dəyərləndirilir. Məhz bundan irəli gələrək son illər ölkəmizdə sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Sülh və tolerantlıq mesajları ilə də yadda qalan “Dünya dini liderlərinin II Bakı sammiti” humanist missiya ilə qlobal təhlükəyə qarşı birgə mübarizədə Azərbaycanın bir daha vacib tərəfdaş olduğunu nümayiş etdirir.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nəriman İbayev dövlətin dinə və dindarlara qayğısından danışıb. Göstərilən qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib.

Konfrans müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı ölkəmizə xas olan tolerantlıq təcrübəsi, bu sahədə görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi ilə öz işini yekunlaşdırıb.

Mehman
Xəbəri paylaş