Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səyyad Salahlı: “Din xadimləri ictimai həyatda fəallıq nümayiş etdirməlidirlər”



Newscenter.az.22.11.2019.
Noyabrın 21-22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin (İH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi seminar-müşavirəni giriş sözü ilə açan Şəhər İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov vurğulayıb ki, dünyada din amilindən siyasi vasitə kimi istifadə olunur. Onun sözərinə görə, insanlara, xüsusilə gənclərə dinlə bağlı əsil həqiqəti çatdırmaq üçün bütün imkanlar səfərbər edilməli, qabaqlayıcı tədbirlər görülməli, geniş maarifləndirmə işi aparılmalıdır. Natiq eyni zamanda diqqətə çatdırıb ki, Şəkidə dini durum sabitdir.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı müstəqil respublikamızın qazandığı uğurların Ulu Öndərimiz Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirərək qeyd edib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, dini sahədə də problemlər aradan qaldırılıb, dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoyub. DQİDK sədrinin birinci müavininin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkəmizdə tolerant, multikultural mühit hökm sürür ki, biz bu baxımdan dünyaya örnəyik. Səyyad Salahlı onu da bildirib ki, respublikamız çox konfessiyalı bir ölkədir və Azərbaycanda müxtəlif dini və mədəni abidələr mövcuddur.

Azərbaycanda dinin dövlətdən ayrı olduğunu diqqətə çatdıran Səyyad Salahlı deyib ki, ölkə əhalisinin təxminən 96 faizi İslam dininə etiqad etsə də, respublikamız dünyəvi bir dövlətdir. “Vətənini, millətini sevən hər bir vətəndaş, o cümlədən dindarlar onun qanunlarına da hörmətlə yanaşmalı, qanundan irəli gələn prinsiplərə riayət etməlidir”,-deyə sədrin birinci müavini bildirib. Natiq vurğulayıb ki, dini etiqad hüquq pozuntusuna bəraət qazandırmır.

Dini radikalizmə mübarizə, dini maarifləndirmə tədbirlərindən də danışan Səyyad Salahlı din xadimlərini radikalizm və ekstremizmlə mübarizədə, həmçinin ictimai həyatda fəallıq nümayiş etdirməyə çağırıb.

Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Orxan Maşayev və başqaları çıxış edərək bildiriblər ki, mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması çox aktualdır. Vurğulanıb ki, bu dəyərlərin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Üfüqdəki gələcək” filminin də nümayiş etdirildiyi ikigünlük seminar-müşavirə tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.

Mehman
Xəbəri paylaş