Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərbaycanda dünyəviliyin tarixi və bu günü" mövzusunda konfrans keçirilib



Newscenter.az.28.11.2019. Noyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycanda dünyəviliyin tarixi və bu günü" mövzusunda konfrans keçirilib.

Newscenter.az-a Dini Komitədən bildirilib ki, konfransı giriş sözü ilə açan DQİDK-nin sədr müavini Gündüz İsmayılov dünyəvilik prinsiplərindən danışaraq qeyd edib ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Bildirib ki, ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnoslar min illərdir ki, dinc və əmin-amanlıq şəraitində yaşayırlar. Etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılması Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərinin olduğunu bizə deməyə əsas verir.

Komitə rəsmisi qeyd edib ki, dünyəvi dövlət anlayışı dinin hansısa formada idarəetmə prosesində iştirak etmədiyi dövlət deməkdir. Azərbaycan dünyəvi dövlətdir, əhalimizin 96%-ni müsəlmanlar təşkil edir, lakin dövlət tərəfindən dini bayramların qeyd edilməsinə, müxtəlif dini konfessiyalara maliyyə yardımı göstərilməsinə, eləcə də dini abidələrin bərpası və tikintisinə dövlət tərəfindən xüsusi diqqət ayrılır. Dünyəvilik prinsiplərinin xalqımızın milli-mənəvi dəyərləri, xarakterinə uyğun formalaşdığını qeyd edən G.İsmayılov bildirib ki, Azərbaycanda qadına, təhsilə və tolerantlığa münasibətdə mütərəqqi yanaşma məhz dünyəviliyin təzahürüdür.

Sədr müavini onu bildirib ki, dünyada bəzi dini qruplar dünyəvilik anlayışını istismar edirlər. Dünyəvi dövlətdə dövlət idarəçiliyində din iştirak etmir, amma dünyəvi dövlət o demək deyil ki, o, dinsizdir. Biz hər zaman bu məsələdə Ulu Öndər Heydər Əliyevin fikrini əsas sitat kimi nəzərdə tuturuq. Qeyd edirik ki, Azərbaycan dünyəvi dövlətdir, amma dinsiz ölkə deyil. Biz dünyəvi dövlət olsaq da, qanun qarşısında bütün dini qurumların bərabər olması prinsipini qəbul etsək də, dini qurumlara, dini konfessiyalara imkan olduğu qədər qayğı və diqqətlə yanaşırıq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi digər müvafiq qurumlarla birgə dini radikalizm və xurafata qarşı həm inzibati, həm də maarifçilik istiqamətində tədbirlər həyata keçirir, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifləndirmə işinin düzgün metodlarla təşkilini diqqətdə saxlayır.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov təqdimatla çıxış edib. Sekulyarizmin yaranması və tarixindən danışan alim bildirib ki, dövlətin din siyasətinin əsasını dini etiqad azadlığının təminatı, dövlət siyasətində dinin rolu və dövlətin dinə münasibəti təşkil edir. Sekulyarizm - dinin dövlət institut və təşkilatlarından ayrılması, ictimai-siyasi aktivliyinin sıfra endirilməsi deməkdir. Sekulyar prinsiplərlə idarə olunan toplum hər bir fərdin dini seçim azadlığını tanıyır. Sekulyar dövlətdə dini baxışından asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Sekulyar cəmiyyətin üzvü dini baxışlarına görə müzakirə olunmur, hamı kimi onun da, konstitusiya qarşısında hüquq və vəzifələri eynidir. Sekulyar dövlət - bütün vətəndaşların hüquq və azadlıqlarını ayrı-seçkilik etmədən tanıyır və onlara eyni dərəcədə münasibət bəsləyir.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələrinə eyni səviyyədə yanaşıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, bilavasitə Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir və bu siyasət gələcəkdə də davam edəcək.

Ə. Zülfüqarov qeyd edib ki, aparılan monitorinqlər və aidiyyəti qurumlardan gələn məlumatlar onu deməyə imkan verir ki, xaricdən idarə olunan müəyyən qruplar dünyəvilik prinsiplərinə qarşı çıxmağa cəhdlər göstərirlər. PA rəsmisi bu məsələnin ciddi və narahatlıq doğuran məsələ olduğunu vurğulayıb və maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyindən danışıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov dünyəvilik prinsipinin aktual mövzulardan biri olduğunu qeyd edərək bildirib ki, dünyəvilik, başqa sözlə, sekulyarizm prinsipi Qərbdə yaranıb və inkişaf edib. Azərbaycanda hər zaman dünyəvilik prinsipi qorunub saxlanılıb. Bizdə din dövlətdən ayrıdır və insanlar inanclarında müstəqildirlər. Dünyəvilik prinsipləri Azərbaycan maarifçilik hərəkatının təmsilçiləri tərəfindən yayılırdı ki, bunu Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin yaradıcılığında görmək mümkündür.

Öz çıxışında sekulyarizmə iki fərqli baxışın mövcud olmasını qeyd edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, bunlardan biri dünyəvilik anlayışına mənəvi məzmun qatmağı, digəri isə sadəcə ictimai, siyasi və hüquqi idarəetmə modeli kimi yanaşmağı nəzərdə tutur. O həmçinin vurğulayıb ki, dünyəvi dövlət və din amili heç də bir-birini istisna edən məfhumlar deyil. Hər bir din şəxsin özü ilə Tanrı arasındakı münasibətləri tənzimləyir. O qeyd edib ki, dünyəvilik prinsipinin əsas məqsədi əslində vicdan azadlığını təmin etməkdir. Dünyəvilik prinsipi dövlətimizin vətəndaşlarını bir dini mənimsəmə, bu dinin tələblərini yerinə yetirmə və ya yetirməmə məsələsində öz vicdanları ilə baş-başa buraxır və onlara azad seçim imkanı verir. Dövlət müəyyən bir dinə və ya məzhəbə üstünlük vermədiyi üçün hər kəs sahib olduğu inanca görə yaşamaq imkanı əldə edir.

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmməzadə, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilii və başqaları çıxış edərək Azərbaycanda tolerantlığın və dünyəviliyin tarixi keçmişi və müasir dövrdəki yeri və rolu barədə danışıblar.

Konfrans işini müzakirələrlə yekunlaşdırıb.

Mehman
Xəbəri paylaş