Newscenter.az.28.11.2019. “YAP-ın bu gün keçirilən toplantısında hakim partiya üzvlərinin növbədənkənar parlament seçkiləri keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və növbədənkənar parlament seçkilərinin fevral ayında keçirilməsinin nəzərdə tutulması gözlənilən hal idi”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, hakim partiyanın Siyasi Şurası bu qərarın Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib:
“Mən YAP-ın bu addımını müsbət qarşıladım və bu təşəbbüsdə qeyri-adi heç nə görmürəm. Bəzi müxalif siyasətçilərin (xüsusən də Əli Kərimlinin) bu hadisəni az qala faciə kimi və top-tüfənglə qarşılaması, YAP-ın bu təşəbbüsünə müxtəlif cür don geyindirməsi anlaşılandır. Onlar yenə də cürbəcür bəhanə və iddialarla növbədənkənar parlament seçkilərini qaralamağa çalışacaq və siyasi manipulyasiyalara yol verəcəklər. Bizsə növbədənkənar parlament seçkilərinin keçirilməsi ideyasını dəstəkləyirik və hesab edirik ki, real siyasi gücü və elektorat bazası olan istənilən siyasi qüvvə bu seçkilərə qatıla və seçicilərin dəstəyini qazana bilər. Biz DADP olaraq növbədənkənar parlament seçkilərində öz namizədlərimizlə iştirak etməyi nəzərdə tuturuq”.
Xosrov