Newscenter.az.2.12.2019. “Radikal siyasi düşərgənin növbədənkənar parlament seçkiləri ilə bağlı səsləndirdiyi iddiaların nə indi, nə keçmişdə, nə də gələcəkdə heç bir əsası ola bilməz”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli səsləndirib. Onun sözlərinə görə, radikallar iddia edirlər ki, guya bu addım parlament seçkilərini saxtalaşdırmaq məqsədi daşıyır və s:
“Müxalifətin nəzərinə çatdırım ki, Yeni Azərbaycan Partiyasının seçkiləri saxtaşalaşdırmağa ehtiyacı yoxdur. Seçkilər zamanında, yəni 1992-ci ildə AXC-Müsavat cütlüyü seçkilər keçirəndə saxtalaşdırılmışdı. Ondan sonra keçirilən bütün seçkilərdə xalqımız Ulu Öndər Heydər Əliyevin siyasətinə, bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevə səs verib. Yeni Azərbaycan Partiyasının rəhbəri ölkə Prezidentidir və ölkə Prezidentinin həyata keçirdiyi islahatları xalq, ictimaiyyət dəstəkləyir. İnsanlar bilirlər ki, bu siyasətin icra olunmasında istirak edənlər də məhz Yeni Azərbaycan Partiyasının üzvləridir”.
Millət vəkili deyib ki, bu qərarı qəbul etməklə həm də əminliyimizi nümayiş etdiririk:
“Əgər Yeni Azərbaycan Partiyası əmin olmasaydı, bu mərhələdə bu addımı da atmazdı. Partiyamız üçün istənilən bir dövrdə seçki prosesində iştirak etmək həm asandır, həm də şərəfdir. Sadəcə, yeni seçkilər əlbəttə ki, YAP-ın parlamentdə təmsil olunmuş və uğurla fəaliyyət göstərmiş insanlarını həm yenidən parlamentdə görmək iradəsini ortaya qoyur, eyni zamanda ənənəvi olaraq sıralarının gəncləşdirilməsi, həmçinin bu seçkilərdən istifadə edərək hüquq, iqtisadiyyat, sosial, politologiya sahəsində daha peşəkar insanların namizədliyinin irəli sürülməsidir. Əminəm ki, parlament bütövlükdə bu qərarı dəstəkləyəcək və yeni parlament seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də qalib gələcək. Sadəcə olaraq, hazırda parlament üzvlüyünə namizədlərin seçimində günün tələbi, cəmiyyətin çağırışları daha ciddidir. Məhz bu çağırışlara adekvat olaraq bu addım atılıb”.
Xosrov