Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkənin demokratik inkişafına mane olmaq mümkün deyil



Newscenter.az.2.12.2019.
Ölkədə baş verən istənilən hadisəyə öz prizmasından yanaşan, cəfəng, absurd fikirlər səsləndirən radikal siyasi düşərgə indi də növbədənkənar parlament seçkiləri qərarını hansısa qüvvənin ölkəmizə təsirinə bağlayır, özündə müxtəlif uydurmalar ortaya atır.

Radikal siyasi düşərgənin bu absurd fikirləri ilə bağlı mövqeyini ifadə edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov qeyd edib ki, növbədənkənar parlament seçkiləri islahatlara dəstək xarakteri daşıyır və radikal siyasi düşərgənin bu qərarla bağlı dəyərləndirmələri kökündən yalnışdır. Hakim partiya rəsmisi deyib ki, dayanıqlı inkişafın və ictimai-siyasi sabitliyin təmin olunduğu müasir, müstəqil Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm strateji amillərdən biri bütün sahələrdə kompleks xarakterli, sistemli və məqsədyönlü islahatlatın həyata keçirilməsidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında icra strukturlarında aparılan ardıcıl reformalar, eləcə də məhkəmə-hüquq islahatları idarəetmənin təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun artmasına xidmət edir, daha qüdrətli Azərbaycan naminə qarşıya qoyulan strateji əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan verir:

“Təbii ki, bu islahatlar davamlı, hərtərəfli xarakter daşıyır. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında belə bir qənaət ifadə olundu ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənarda qalmamalıdır. Eyni zamanda, Azərbaycanın parlamentinin də müasirləşməsi, yeniləşməsi, islahatlar sferasına cəlb olunması Prezident İlham Əliyevin islahatlar konsepsiyasının uğurla həyata keçirilməsinə mühüm töhfə kimi qiymətləndirilə bilər. Əfsuslar olsun ki, hər zaman milli maraqlara zidd mövqedən çıxış edən, xalqın və dövlətin mənafeyini heçə sayan, anti-Azərbaycan dairələrin direktivləri əsasında hərəkət edən radikal müxalifət öz ampluasına sadiq qalaraq bu məsələni də manipulyasiya predmetinə çevirməyə çalışır. Məqsəd cəmiyyətdə ictimai rəyi yanıltmaq, islahatlar konsepsiyasının üzərinə kölgə salmaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaqdır. Halbuki parlament islahatları milli maraqlara, yeni dövrün çağırışlarına adekvat olmaqla yanaşı, milli qanunvericiliyə, Azərbaycan Konstitusiyasına tam uyğundur. 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsi-referendum vasitəsilə Konstitusiyada edilmiş əlavə və dəyişikliklərdə ölkə Prezidentinin parlamenti müəyyən şərtlər daxilində buraxmaq səlahiyyətləri təsbit edilib”.

Siyavuş Novruzov bildirib ki, parlamentin buraxılmasi və növbədənkənar parlament seçkilərinin keçirilməsi təcrübəsi müxtəlif demokratik ölkələrin timsalında tez-tez müşahidə edilən haldır:

“Bununla yanaşı, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi müxtəlif demokratik ölkələrin timsalında beynəlxalq təcrübədə tez-tez rast gəlinən haldır. Bu kontekstdə bir sıra Avropa ölkələrinin son zamanlar müşahidə olunan təcrübəsinə nəzər yetirmək məqsədə müvafiq olar. Cari ilin noyabr ayında Böyük Britaniyada növbədənkənar seçkilərin keçirilməsi qərarı çərçivəsində parlament buraxılıb. Baş nazir Boris Conson növbədənkənar seçkilərin keçirilməsi səbəbi ilə kraliça II Elizabetə müraciət edib. Bundan başqa, bu ilin yanvar ayında koalisiya höküməti qurulmuş Xorvatiyada hökumətdə təmsil olunan partiyaların münasibətlərində yaranmış yeni situasiyanın nəticəsi olaraq parlamentin buraxılması qərarı verilib. Bu qərar həm ölkə prezidenti, həm də parlament nümayəndələrinin əksəriyyəti tərəfindən təsdiq edilib. 2019-cu ildə Ukraynada da analoji proseslərə şahidlik etdik. Bu ölkənin prezidenti Vladimir Zelenski Ali Radanın səlahiyyətlərinə xitam verən qərar imzaladı və növbədənkənar parlament seçkiləri təyin olundu. İtaliyada isə 2012-ci ilin dekabr ayında baş nazir Mario Montinin istefasından sonra ölkə prezidenti Giorgio Napolitano parlamentin buraxılması qərarını vermişdi. 2016-cı ildə Makedoniyada qanunvericilik orqanının 114 nümayəndəsinin səsverməsi nəticəsində parlamentin buraxılması qərarı verilmişdi. Bolqaristanda isə 2017-ci ilin mart ayında prezident Rumen Radevin qərarı ilə parlament buraxılmış və növbədənkənar parlament seçkiləri təyin olunmuşdu. Daha bir nümunə İspaniya ilə bağlıdır. Bu ölkənin baş naziri Pedro Sançes parlamentin hər iki palatasının buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb. Bu təcrübəni Yunanistana da aid etmək mümkündür. Prezident Prokopis Pavlopulosun parlamenti buraxıb növbədənkənar seçkilər təyin etmək barədə Aleksis Tsiprasın təklifini qəbul etməsi faktdır. Moldovada isə prezident vəzifəsini icra edən Pavel Filip parlamenti buraxmış, növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar fərman imzalamışdı”.

Millət vəkilinin qənaətincə, dünya təcrübəsi göstərir ki, müxtəlif ölkələrdə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi hüquqi xarakterli deyil, siyasi hadisələrlə əlaqədar olur:

“Yuxarıdakı faktların timsalında bir sıra nümunələrə nəzər yetirək. İspaniyada parlamentin cari il üçün Nazirlər Kabinetinin təklif etdiyi büdcə layihəsini dəstəkləməməsi səbəbindən bu ölkənin baş naziri Pedro Sançes növbədənkənar seçkilərin keçirilməsini elan etməyi qərara almışdı. Eyni zamanda, Ukraynada dövlət başçısı Vladimir Zelenski parlamentin xalqın istəyi əsasında mövcud çağırışlara cavab vermədiyini və son 3 ildə koalisiyanın formalaşdırıla bilmədiyini bəyan edərək növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarını vermişdi. Böyük Britaniyada isə hökumət parlamentin Breksit məsələsində razılığa gələ bilməməsi səbəbindən növbədənkənar seçkilərin keçirilməsi təklifini irəli sürmüşdü. Ana Müxalifət İşçi Partiyası da bu qərarı dəstəkləmişdi. Əlbəttə, bu cür nümunələrin sayını istənilən qədər artırmaq olar. Amma təkcə bu faktlardan da görünür ki, təkmil və mütərəqqi siyasi sistemə malik olan ölkələrdə, demokratik dəyərləri mənimsəmiş cəmiyyətlərdə islahatlar konsepsiyasının tərkib hissəsi kimi parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ənənəsi mövcuddur. Radikal müxalifətin bu məsələni spekulyasiya vasitəsinə çevirmək cəhdləri isə dağıdıcı düşərgənin müasir demokratik dəyərlərdən, qabaqcıl dünya təcrübəsindən xəbərsiz olduğunu, eyni zamanda, qərəzli niyyət və antimilli mövqe ortaya qoyduğunu göstərir”.

Siyavuş Novruzov deyib ki, radikal müxalifət partiyalarının ucuz bəhanələri onların seçkilərdə uğur qazanmaq üçün yetərli resurs və potensiala malik olmamaları ilə əlaqədardır:

“Ümumiyyətlə, siyası partiyanın funksiyası seçkilərdə iştirak etmək, elektoratın istəyi və maraqları əsasında aktiv fəaliyyət göstərməkdir. Azərbaycanda 50-dən artıq siyasi partiya mövcuddur. Onların böyük əksəriyyəti-təxminən 90 faizi parlament seçkilərində iştirak etməklə bağlı bəyanat verib. Bu məsələ ilə əlaqədar mövqeyini ortaya qoymayan siyasi partiyalar isə xarici qüvvələrin, anti-Azərbaycan dairələrin maliyyəsi və direktivləri əsasında hərəkət edənlərdir. Ona görə də həmin partiyalar bağlı olduqları xarici dairələrdən müvafiq tapşırıqlar almadıqlarından seçkilərdə iştirak edib-etməməklə bağlı konkret münasibət ortaya qoymayıblar. Digər tərəfdən, ''Milli şura''da yer alanların, AXCP, Müsavat kimi partiyaların parlament seçkilərində uğur qazanmaq üçün yetərli potensial və resursları mövcud deyil. Hətta həmin siyasi partiyalar ölkə üzrə seçki dairələrinin yarısında belə layiqli namizəd irəli sürmək iqtidarında deyillər. Buna görə də onlar müxtəlif bəhanələr irəli sürməklə seçkilərin üzərinə kölgə salmağa çalışırlar. Amma bu cür vasitələrlə ictimai rəyi manpulyasiyaya məruz qoymaq, xalqın öz iradəsini ifadə etməsinə, ölkənin demokratik inkişafına mane olmaq mümkün deyil”.

Xosrov
Xəbəri paylaş