Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan müraciətlə bağlı Rusiya azərbaycanlıları İttifaqı bəyanat yayıb



Newscenter.az.10.03.2020.
Rusiyadakı Azərbaycan diaspor təşkilatları, fond və mədəniyyət mərkəzləri rəhbərləri və təmsilçilərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış məlum Müraciətindən sonra sosial şəbəkələrdə bu təşəbbüs ətrafında bir sıra suallar yaranmışdır.

Newscenter.az Rusiya Azərbaycanlıları İttifaqına istinadən xəbər verir ki, müraciətə fərqli don geyindirmək cəhdlərinin əsl səbəbləri aydın olsa da, səsləndirilən bir sıra məqamlara, Təşəbbüsü irəli sürmüş diaspor təşkilatlarının məqsəd və məramlarına aydınlıq gətirməyi məqsədəuyğun saydıq. Müraciətin niyə məhz Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmasının ilkin səbəbi kimi "İlham Əliyev dünyadakı bütün azərbaycanlıların siyasi lideridir" məşhur tezisini göstərməklə kifayətlənmək də olardı. Lakin Rusiya azərbaycanlıları İttifaqının uğurlarını məqsədli şəkildə görmək istəməyən, bu İttifaqa qarşı qərəzli mövqedə duran ayrı-ayrı emosional kəsləri deyil, Rusiyadakı Azərbaycan diasporunun problemlərinin həqiqətən həllini arzulayan soydaşlarımızın təkliflərini nəzərə alaraq Müraciətin mahiyyəti və ünvanı ilə bağlı daha ətraflı şərh veririk.

1. Rusiya azərbaycanlıları İttifaqının fəaliyyəti ilə ümumi tanışlıqdan məlum olur ki, Təşkilat işini təkcə azərbaycanlıların milli-mədəni məsələləri ilə məşğul olmaqla məhdudlaşdırmır. Milli özünəməxsusluğu qoruyan digər təşkilatlardan fərqli olaraq RAİ Azərbaycan dövlətinin maraqlarını Rusiyanın ictimai-siyasi landşaftında təbliğ etmək, onun xarici siyasətinə dəstək olmaq, antimilli təbliğata qarşı mübarizə aparmaq kimi vacib missiyaları da üzərinə götürür. Təşkilatın sadalanan sahələrdəki işləri haqda "www.rusazunion.ru" saytndan geniş məlumat almaq olar.

2. Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyi RAİ təsis edildiyi gündən Təşkilatın çoxşaxəli fəaliyyətinə qarşı laqeydlik nümayiş etdirməklə, onun təşəbbüs və istəklərinə etinasız qalmaqla diasporla bağlı bütün dövlət layihələrində RAİ-nin üzvlərinin iştirakına hansı səbəblərdənsə sədd çəkir, bu münasibəti ilə əslində Azərbaycan Respublikasının diaspor siyasətinin əksinə getmiş olur. Belə ki, bununla Azərbaycan Respublikasının diasporla iş üzrə dövlət Komitəsinin Rusiyadakı işlərinə müdaxilə edilir, mühüm dövlət qurumunun öz cərgələrində Rusiya Federasiyasının müxtəlif regionlarındakı doydaşlarımızı birləşdirən nüfuzlu bir diaspor təşkilatı ilə aidiyyəti üzrə əməkdaşlığına maneələr yaradılır. Fakt olaraq 2019 cu ilin sonunda Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Moskvaya səfəri zamanı Azərbaycan diasporu ilə təşkil edilən görüş nümunə göstərilə bilər. Həmin görüşə Moskvada digər irili xırdalı təşkilatlardan fərqli olaraq çoxsaylı aktivi, şəxsi ofisi, hüquqşünas, jurnalist, milli məsələlər üzrə ekspertlərdən ibarət peşəkar kollektivi olan RAİ rəhbərliyi ümumiyyətlə dəvət edilməmişdir.

3. RAİ-yə aşkar ögey münasibətdən belə nəticəyə gəlmək olar ki, bu Təşkilatın fəaliyyəti Azərbaycan rəhbərliyinə təhrif olunmuş şəkildə çatdırılır. Beləliklə faktiki olaraq Rusiyanın 50 dan çox regionunda təmsilçisi olan Rusiya azərbaycanlıları İttifaqının diaspor fəaliyyəti şübhə altına qoyulur.

4. Tanınmış iş adamı, xeyriyyəçi və ictimai xadim Fizuli Məmmədovun Rusiyadakı çoxsaylı diasporu birləşdirəcək vahid təşkilatda rəhbər görmək istəyini ifadə edən 89 diaspor təmsilçisinin imzasında məcburiyyət tətbiq edildiyinə dair iddialar əsassızdır. Ən azı ona görə ki, bu sayda diaspor təşkilatları rəhbərləri o ittihamları edənlərdən fərqli olaraq “sahib” axtarışında ola bilməzlər. Azərbaycan Prezidentinə Müraciət də ilk növbədə mövcud reallığın düzgün qiymətləndirilməsindən, bu vəzifəyə layiq görülən şəxsin müxtəlif diaspor təşkilatlarını vahid mərkəzdən idarə edə biləcəyinə inam və etimaddan irəli gəlir. Azərbaycanlıların monolit diaspor təşkilatı qurmaqla onun rəhbəri qismində Fizuli Məmmədovu görmək arzusuna qarşı hörmətsizlik ilk növbədə Rusiyanın müxtəlif bölgələrində yaşayan və öz milli varlığını qorumaqla yanaşı öz Vətənlərinə, Azərbaycan dövlətçiliyinə, onun Rusiya ilə münasibətlərinin möhkəmlənməsinə xidmət etmək istəyən çoxsaylı diaspor təşkilatlarının üzvlərinə və rəhbərlərinə qarşı yönəlmişdir.

Rusiya azərbaycanlıları İttifaqının effektiv fəaliyyətini onlarla xeyriyyə aksiyası, tələbələrə ayrılan aylıq ünvanlı təqaüdlər, mədəni, sosial, idman layihələri, hüquq müdafiəsi istiqamətində görülən işlər, informasiya qarşıdurmasındakı tədbirlər sübut edir. Azərbaycan naminə əməkdaşlığın inkişafı üçün məmur səviyyəsində iqnor edilən fəaliyyət haqda məlumatın diasporaya xüsusi qayğısı ilə fərqlənən Prezident İlham Əliyevə birbaşa müraciətlə çatdırılması da bu zərurətdən irəli gəlmişdir.

Rusiya azərbaycanlıları İttifaqının İdarə Heyəti
Xəbəri paylaş