Newscenter.az.10.03.2020. Sabahdan etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusilə də, karbamid və ammonium-nitrat gübrəsinin güzəştli şərtlərlə səyyar satışına start verilir.
Newscenter.az xəbər verir ki, mövsümün ilk səyyar satışı martın 11-də Qobustan rayonunun Cəmcəmli, Tərtər rayonunun Hüsənli, Beyləqan rayonunun Çəmənli kəndlərində baş tutacaq. Növbəti satış martın 12-də Qobustan rayonunun Sündü, Ağsu rayonunun Bico və Beyləqan rayonunun Dünyamalılar kəndlərində keçiriləcək. Həftənin sonuncu satışı isə martın 13-də Qobustan rayonunun Mərəzə qəsəbəsində, İsmayıllı rayonunun Qubaxəlilli və Saatlı rayonunun Çolpu kəndlərində baş tutacaq.
Əlavə olaraq, martın 11-də Tərtər rayonunun Soyulan, Şəmkir rayonunun Qaracəmirli kəndində səyyar gübrə satışı həyata keçiriləcək.
Qeyd edək ki gübrə alınmasında artıq heç bir sənədin təqdim edilməsinə ehtiyac yoxdur. Mineral gübrələri “Fermer kartı” vasitəsi ilə asanlıqla əldə etmək mümkündür. Yeni qaydalara əsasən, gübrə alışında 70% güzəşt fermerin “Fermer kartı”nda olan subsidiya məbləğindən, 30% dəyər isə fermerin öz vəsaiti hesabına ödənilir.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi, eləcə də (+99451) 229-32-07 və (+99451) 255-93-83, əlaqə nömrələrinə müraciət etmək lazımdır.
Orxan