Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dezinformasiya yayan 3 nəfər həbs edilib

Dezinformasiya yayan 3 nəfər həbs edilib


Newscenter.az.27.03.2020. Ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir. Məlum olduğu kimi, həmin tədbirlər çərçivəsində iaşə müəssisələrinin iş rejimi saat 15:00-dək müəyyən edilmiş, böyük ticarət mərkəzlərinin fəaliyyəti dayandırılmış, kütləvi tədbirlərin, toplantıların keçirilməsi isə təxirə salınmışdır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, buna baxmayaraq respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla saat 15:00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilən nəzarət tədbirləri ilə həmin obyektlər və onların sahibləri müəyyən edilir, barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Belə ki, martın 26-dan 27-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 25, o cümlədən Bakı şəhərində 10 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanmışdır. Onların hər birinin sahibi inzibati qaydada cərimə edilmişdir.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə və “Whatsapp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatlar yaydığına görə 15 nəfərin şəxsiyyəti müəyyən edilərək ərazi polis orqanlarına dəvət edilmişlər. Müvafiq araşdırmalardan sonra onlardan 7 nəfərə xəbərdarlıq, 5 nəfərə cərimə tətbiq olunmuş, 3 nəfərin barəsində inzibati həbs qərarı seçilmişdir.

Respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin, onların sahiblərinin və sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna, eləcə də qeyd edilən ərazilərdə qeydiyyatda olanların respublikanın digər şəhər və rayonlarına buraxılmasının məhdudlaşdırılmasının icrası çərçivəsində xüsusi polis postlarından 1 590 avtomobil geri qaytarılmışdır ki, onlardan 742-si Bakıdan rayonlara, 848-i isə rayonlardan paytaxta keçməyə cəhd etmişlər.

Təyin olunmuş xüsusi polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməklə rejim qaydalarını pozduqlarına görə 1 nəfər barəsində cinayət işi başlanmış, 46 nəfər barəsində isə inzibati cərimə tətbiq edilmişdir.

Qeyd olunmalıdır ki, həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan bir daha tətbiq edilən sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələrini, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamalarını xahiş edirik.
Xəbəri paylaş