Newscenter.az.3.04.2020. "Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrindən başlayaraq 14-cü kilometrə - Masazır körpüsü deyilən yerə qədər yolların genişləndirilməsi ilə artıq 5-ci aydır ki, məşğuluq".
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə bildirib.
"Əsas məqsədimiz 20 Yanvar – “Şamaxinka” deyilən tunelin çıxışından başlayaraq mövcud dörd hərəkət zolaqlı avtomobil yolunu genişləndirmək idi. Ondan əlavə, Sizin göstərişinizlə “Xırdalan dairəsi” deyilən hissədə yeni tunelin inşasına başlamışıq. Deməli, mərkəzdən gələn maşınlar yalnız Bakı-Quba-Rusiya istiqamətində hərəkət edəcəklər. Biz 20 Yanvar dairəsindən hərəkətin istiqamətini yol nişanları ilə ayıracağıq. Yəni Binəqədiyə, Biləcəriyə, ondan əlavə, Masazıra və Sumqayıta gedən avtomobillər sağ hissə ilə iki zolaqda hərəkət edəcəklər.
Yolun Xırdalan dairəsi hissəsində yeni tunel və 495 metr uzunluğunda, 7,5 metr enində iki hərəkət zolaqlı yan yolu açmışıq. Yeni tikilən tunelin eni 9 metrdir. Bundan əlavə də bir yenilik etmişik. Deməli, Şamaxıdan, Xocəsəndən və Lökbatandan gələn avtomobillərin birbaşa 20 Yanvar dairəsinə girişini məhdudlaşdırmışıq. Biz bu hissədə işlərin artıq 80%-ni yerinə yetirmişik. May ayının sonuna qədər yəqin ki, tamamlayacağıq.
Bu dəmir yolu körpüsü 1960-cı illərdə tikilib, onun dayaqları yeni açılacaq tunelə maneçilik törədirdi. Siz göstəriş vermisiniz, burada 65 metr uzunluğunda, orta dayaqları olmayan yeni bir körpünün inşası nəzərdə tutulub. Biz bu körpünü də tam hazır edəcəyik, dəmir konstruksiyadan ibarət olacaq. Dəmir yolu xəttinin dayandırılması məhdudiyyəti olmayacaq və hazır olan kimi biz o körpünü gətirib quraşdıracağıq. Burada isə əvvəlki ekologiya postu sökülür, yenisi tikilir. Bu yol oradan genişləndiriləcək. Post götürülür və Xırdalandan, Şamaxıdan gələn avtomobillərin mərkəzi yola girməsi üçün burada döngə də yaradacağıq. Həm Rusiya-Quba istiqamətindən, həm Sumqayıtdan, həm də Şamaxıdan və Sulutəpədən gələn avtomobillərin mərkəzi yola çıxışını təmin edəcəyik”, - o qeyd edib.